Bu gün mədəniyyət naziri Əbülfəs Qarayev Sumqayıt şəhərində, birinci müavini Vaqif Əliyev Xızı rayonunda vətəndaşlarla görüşüb.
"Qafqazinfo" xəbər verir ki, qəbuldan öncə Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
Daha sonra Əbülfəs Qarayev Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib. Görüşdə sakinlər tərəfindən klub müəssisələrində ödənişli xidmətlərin göstərilməsinə dair ixtisasartırma kurslarının təşkili, televiziya və radio kanalları ilə birgə kitabın təbliği məqsədilə layihələrin həyata keçirilməsi, Şuşaya həsr olunmuş rəsm əsərlərinin sərgisinin təşkili, Xızı rayonu ərazisində tarix və mədəniyyət abidələrinin qorunması, yeni tikilmiş qaçqın şəhərciklərinə mədəniyyət müəssisələrinin köçürülməsi ilə bağlı müraciətlər səsləndirilib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xızıda sakinlərlə görüşündən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edib.
Nazirin birinci müavininin Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda rayon sakinləri tərəfindən Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, Mikayıl Müşfiq Muzeyinin yerləşdiyi ərazinin hasara alınması, Cəfər Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzi üçün müasir tələblərə cavab verən yeni binanın tikilməsi ilə bağlı müraciətlər səsləndirilib.
Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşlərdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.


Son xəbərlər
Son Xəbərlər