Nazir və müavinləri qəbul keçirdi - Fotolar

nazir-ve-muavinleri-qebul-kecirdi
Oxunma sayı: 2260

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Hacıqabul rayonunda vətəndaşları fərdi qaydada qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, qəbul zamanı Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial müdafiə sahəsində aparılan islahatlar, aktiv sosial müdafiə və məşğulluq proqramlarının genişləndirilməsi, yeni DOST mərkəzlərinin, reabilitasiya müəssisələrinin yaradılması, sosial təminat sisteminin innovativ əsasda təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə vətəndaşlara məlumat verib. Nazir, eyni zamanda, sosial layihələrin, eləcə də ünvanlı sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması, ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi üçün müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.

Vətəndaşlar qəbul zamanı məşğulluq, özünüməşğulluq proqramı və peşə hazırlığına cəlb edilmə, əlilliyin qiymətləndirilməsi, reabilitasiya, sosial təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə hər bir müraciətlə bağlı müvafiq tədbirlər görülüb. Bir sıra vətəndaşların işlə təminatı məqsədilə onlara vakant iş yerlərinə göndərişlər verilib, eləcə də ödənişli ictimai işlərə cəlb edilmələri tapşırılıb.

Habelə ayrı-ayrı vətəndaşların özünüməşğulluq proqramına, peşə hazırlığına, sosial xidmətlərə cəlb edilmələri üçün müvafiq işlərin aparılması qərara alınıb.  Əlilliyin qiymətləndirilməsi, sosial təminat və s. ilə bağlı müraciətlərdə qaldırılan bəzi məsələlər  araşdırılması üçün qeydiyyyata götürülüb.

Bu gün həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Saatlı rayonunda və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli  Şirvan  şəhərində vətəndaşları fərdi qaydada qəbul ediblər.