Nazir vətəndaşlarla görüşdü - Fotolar

nazir-vetendaslarla-gorusdu
Oxunma sayı: 777

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarından vətəndaşları qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, kadr təminatı, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Ağstafa rayonundan qəbula yazılan vətəndaşlar "Keşikçidağ" qoruğunun ərazisində aşkar edilmiş kurqanların öyrənilməsi və arxeoloji parkın yaradılması, bölgədəki hərbi hissələrin yeni kitablarla təmin edilməsi, kitabxana fondlarına Qarabağ mövzusunda əlavə ədəbiyyatın verilməsi, Heydər Əliyev Mərkəzində yaradılmış xalçaçılıq dərnəyində toxunulan xalçaların satışına köməklik göstərilməsi barədə xahişlərini diqqətə çatdırıblar.

Qazax rayonundan qəbula gələnlərin müraciətləri dünya əhəmiyyətli abidə olan "Sınıq körpü”nün təmir olunması, Kəmərli kənd folklor evində yeni ştatların açılması, «Avey» tarix-mədəniyyət qoruğunun perspektiv inkişaf planının hazırlanması, rayon mərkəzi kitabxanasına aşıq ədəbiyyatı ilə bağlı kitabların verilməsi və s. məsələlər barədə olub.

Tovuz rayonundan qəbula yazılan vətəndaşlar Yanıxlı kəndində yerləşən XVII əsrə aid Şah Abbas məscidinin bərpası, rayon mərkəzləşdirilmiş kitabxana sisteminin yerləşdiyi binanın mədəniyyət və turizm şöbəsinin balansına verilməsi və Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələri ilə birgə tədbirlərin təşkilinə köməklik göstərilməsini xahiş ediblər.

Şəmkir və Gədəbəy sakinləri tərəfindən də müxtəlif məsələlər qaldırılıb. Qədim Şəmkir qalasına dövlət qoruğu statusunun verilməsi, tarix-diyarşünaslıq muzeyinin yeni binasında ekspozisiyasının qurulmasına köməklik göstərilməsi, Gədəbəy rayonda yerləşən musiqi məktəblərində fortepiano alətlərinin köklənməsi üçün mütəxəssislərin cəlb olunması ilə müraciətlər olub.

Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.