İqtisadiyyat və sənaye naziri, Azərbaycanın Avropa İttifaqı ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mardla görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nazir Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin çoxşaxəli, Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.
Görüşdə Ş. Mustafayev bu əməkdaşlığa ciddi maneələr törədildiyini bildirib:
“Avropa İttifaqı Parlamentinin bu gün qəbul etdiyi qətnamə anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribatçı addımı olmaqla, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ciddi zərbədir. Qətnamə birtərəfli, tamamilə qərəzli və əsassızdır, heç bir konkret fakta söykənmir. Nədənsə 24 ildir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, 1 milyondan çox insanın ən adi hüquq və azadlıqlarının təmin olunması məsələsi nəzərə alınmayıb, əvəzində ölkəmizə qarşı qondarma ittihamlar irəli sürülüb və Avropa İttifaqı Parlamentinin bu qərəzli addımı cavabsız qalmayacaq”.
Öz növbəsində M. Mard qətnamə ilə bağlı səsləndirilmiş bu mövqeyi Avropa Komissiyasına çatdıracağını bildirib.
Son xəbərlər
Son Xəbərlər