Nazirdən ipoteka ilə bağlı bəd xəbər - Video

nazirden-ipoteka-ile-bagli-bed-xeber-video
Oxunma sayı: 674

Prezident İlham Əliyevin ipoteka kreditləri üçün ayrılan vəsaitlərin artırılması ilə bağlı tapşırığından sonra maliyyə naziri Samir Şərifov bunun mexanizmləri ilə bağlı ilk dəfə ANS-ə açıqlama verib. Nazir vəsaitin artırılması üçün yeni mənbələr göstərib.

Maliyyə naziri Samir Şərifov bildirib ki, bu il nə ipoteka vəsaitlərinin artırılması, nə də digər səbəbdən dövlət büdcəsinə yenidən baxılması nəzərdə tutulur. Nazirin sözlərinə görə, 2013-cü ilin dövlət büdcəsində ipoteka məqsədilə ayrılan vəsait ötən illə müqayisədə artıq 2 dəfə artırılıb və 40 milyon manata çatdırılıb. Amma növbəti il üçün bu rəqəmin artırılması istiqamətində işlər görülür. O ki qaldı, bu il ipoteka üçün ayrılan vəsaitlərin artırılmasına nazirlik artıq yeni mənbələri nəzərdən keçirir.

S. Şərifov deyir ki, onu da nəzərə almaq lazımdır ki, ipoteka mexanizmi təkcə büdcədən maliyyələşmir: “Bunun üçün dünya nəzəriyyəsində digər bazar mexanizmləri də var. Ona görə mən hesab edirəm ki, bunlara da biz nəzər salmalıyıq”.

S. Şərifovun sözlərinə görə, hazırda Azərbaycanda bu cür mexanizmə ən yaxşı nümunə ipoteka fondudur: “Mərkəzi Bankın nəzdində İpoteka Fondu fəaliyyət göstərir və onlar da bazardan borclanırlar. Hesab edirəm ki, bu praktikanı davam etdirmək və genişləndirmək lazımdır. Məncə, bununla cənab prezidentin bu istiqamətdə tapşırığını praktiki olaraq yerinə yetirmək mümkündür”.

Qeyd edək ki, İpoteka Fondu mütəmadi olaraq qiymətli kağızlar bazarında öz istiqrazlarını yerləşdirir. 2013-cü ilin ilk 3 ayı ərzində fond 11 milyon manatlıq istiqraz yerləşdirib.

Xatırladaq ki, ipoteka üçün ayrılan vəsaitlərin artırılması barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında tapşırıq verib. O bildirib ki, xüsusilə gənc ailələrin mənzil şəraitini yaxşılaşdırmaq üçün ipoteka mexanizmlərinə yenidən baxılmalıdır.