Nazirdən Zeynəb Xanlarovanın sualına - Cavab

nazirden-zeyneb-xanlarovanin-sualina-cavab
Oxunma sayı: 643

Büdcə təşkilatlarında çalışanların əmək haqları, pensiyaçıların müavinətləri 2004-cü ildən etibarən orta hesaba 10 dəfə, o cümlədən büdcə təşkilatlarına çalışan əməkdaşların maaşları 11 mərhələdə artırılıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın 2013-cü il dövlət büdcəsinin layihəsində müəllim və həkimlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı parlamentin plenar iclasında millət vəkili Zeynəb Xanlarovanın sualına cavab olaraq maliyyə naziri Samir Şərifov bildirib.

S.Şərifovun sözlərinə görə, bu proses 2013-cü ildə də davam edəcək. Bununla yanaşı, nazir bildirib ki, ölkədə sosial infrastruktur layihələri də həyata keçirilir və bu layihələr nəticəsində əmək haqlarının artması ilə yanaşı, işçilərin sosial xidmətlərə çıxışı da yaxşılaşıb.

«Təhsil sahəsində bununla bağlı çox ciddi işlər görülür. Məktəblərin tikintisi və yenidən qurulması sahəsində 2012-ci ildə təkcə Bakıda 450 məktəb və 109 uşaq bağçasında bu işlər aparılır. Artıq 250 məktəb və 81 bağça istifadəyə verilib və bu işlər davam edir. Rayonlarda 299 məktəb və 48 bağçada yenidənqurma və inşaat işləri aparılır. Bütün bunlar büdcədən maliyyələşən təşkilatların işçilərinin həyat və iş şəraitinin yaxşılaşdırılmasına imkan verəcək», - deyə maliyyə naziri vurğulayıb.