Qubad İbadoğlu orta aylıq əməkhaqqı anlayışını bir dəfə belə izah etmişdi: “Fərz edək ki, qonşunun evində toyuq yeyirlər. Mən isə gecə ac yatıram. Dövlət Statistika Komitəsinin əməkdaşları həmin toyuğu iki yerə bölürlər. Nəticədə məlum olur ki, gecə hərəmiz yarım toyuq yemişik”.
Ötən həftə YAP-çı deputat Siyavuş Novruzov Azərbaycan xalqının 90 faizinin ət yediyini iddia edəndə yadıma beş-altı il əvvəl baş vermiş bir hadisə düşdü. Redaksiyaların birində baş redaktor müxbirləri hər gün danlayırmış: “Ətdən az istifadə edin. Mən gündə üç-dörd dəfə meyvə yeyirəm. Gündəlik qida rasionunuzda meyvəyə, göy-göyərtiyə üstünlük verin”.
Bu söhbət bir neçə dəfə təkrarlanandan sonra acıdil müxbirlərdən biri dözməyib, həmin baş redaktorun üzünə qayıdır: “Bəy, biz kasıb adamlarıq. Bir kiloqram əti üç dəfə bişiririk. Bizdə pul hardadır ki, gündə beş-altı kiloqram meyvə yeyək?”
Siyavuş Novruzovun məlum açıqlamasından sonra tənbəllik etməyib, Azərbaycanda və inkişaf etmiş ölkələrdə əhalinin ildə neçə kiloqram ət istehlak etməsilə bağlı vəziyyəti öyrəndim. Dövlət Statistika Komitəsindən əldə etdiyim məlumata görə, 2013-cü ildə Azərbaycanda adambaşına 33,5 kiloqram ət istehlak olunub. Halbuki bu göstərici Rusiyada 70, Avropa ölkələrində 100, ABŞ-da isə 102 kiloqramdır. Yəni, biz ABŞ və avropalılardan üç dəfə az ət yeyirik. Unutmayaq ki, burda söhbət adambaşına düşən illik ət istehlakından gedir. Bu, o deməkdir ki, DSK əməkdaşları Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla mənim bir ildə yediyimiz əti tərəzinin eyni gözünə qoyub, iki yerə böləndən sonra bu rəqəm alınıb. İndi bildinizmi, mən ildə 33,5 kiloqram əti necə “yeyirəm”?
DSK-nın hesabatında ən çox diqqətimi cəlb edən məqam illik süd istehsalı ilə bağlı göstərilən rəqəm oldu. 2013-cü ilin yekunlarına görə, hər bir Azərbaycan vətəndaşı ildə 294,4 litr süd içir. Sən demə, biz süd gölündə üzürük, amma xəbərimiz yoxdur. Hökumətdən xahiş edirəm ki, bir ildə ailəmizin payına düşən 1200 litr südün əvəzinə bizə su versin. Bu gün bizim, eləcə də yaşadığımız binanın digər sakinlərinin süddən çox, suya ehtiyacı var.
Yenə DSK-nın məlumatlarına görə, hər bir azərbaycanlı ildə 74 kiloqram meyvə istehlak edir. Beş nəfər üzvü olan orta statistik Azərbaycan ailəsinin ildə 370 kiloqram meyvə və giləmeyvə ala bilməsi inandırıcı deyil. Görünür, qonşumuz Nəzir kişi ilə Nəqliyyat naziri Ziya Məmmədovun bir ildə yediyi meyvə tərəziyə qoyulub, iki yerə bölünəndən sonra bu rəqəm alınıb.
DSK-nın məlumatları ilə tanış olandan sonra bu qənaətə gəlmişəm ki, bizim kimi kasıb adamların işi-gücü hansısa nazirin boğazına şərik çıxmaqdır. Amma kağız üzərində...
Son xəbərlər
Son Xəbərlər