Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmr imzalayıb. Əlbəttə, təqdir olunmalıdır. Niyə?
Bildiklərimi sadə şəkildə bölüşmək istəyirəm. Həm də, inamım budur ki, təhsil nazirinin gördüyü işlərə indi ictimai dəstək lazımdır.
Bədii ədəbiyyat oxumayan yaxşı danışa bilmir. Yaxşı danışa bilməyənin yaxşı düşünmə problemi olur. Yaxşı düşünə bilməyənin isə mühakimələrində natamamlıq və birtərəflilik olur. Başqa sözlə, belə insanlarda alternativli, polifonik düşüncə tərzi, qabiliyyəti, vərdişi yaxşı formalaşmır. Yaxşı düşünə bilməyəndə analitik təfəkkür də zəif edir ki, bu da ayrılıqda konkret situasiyanı dəyərləndirməkdə problem yaradır, düzgün qərarlar qəbul olunması prosesini çətinləşdirir. Düzgün qərar qəbul etməyən isə yanlış davranır, nəzəri və praktik səhvlərə yol verir.
Ancaq bu tədbiri ali məktəb tələbələrinə də şamil etmək lazımdır.
Dünyanın mütərəqqi universitetləri qeyri-humanitar ixtisaslar üzrə təhsil alan tələbələrə yay aylarında ixtisas üçün gərəkli olan bədii, publisistik və elmi ədəbiyyat oxusu tapşırırlar. Sivilizasiya xəzinəsində biznes sferasında, texnika, informasiya texnologiyaları, tətbiqi elmlər sahəsində çalışanlar üçün kifayət qədər bədii nümunələr var. Sadəcə, fakültə rəhbərləri həmin nümunələri təyinatı üzrə tapıb oxumaq üçün tələbələrə tövsiyə etməlidir. Hörmətli dekanlar əgər bu addımı atsalar və sentyabrda oxunanların müzakirəsini keçirsə, özləri də əmin olacaqlar ki, tələbələr həm oxu, həm də müzakirə və fikir mübadiləsi prosesində nə qədər zənginləşirlər.
Bir sadə həqiqət də var: bədii ədəbiyyat oxumayan, yaxud az oxuyan ünsiyyətdə kobud olur, fikrin ifadəsi zamanı düzgün kəlmə və ibarə seçə bilmir, qarşısındakının qəlbinə toxunur.
Həm də klassik anlamda kitab oxusunu heç nə əvəz etmir. Mən əminəm ki, kağız kitabların oxusu zamanı cümlənin (beytin) içindən, onun mahiyyətindən əlavə fərqli informasiyalar gəlir. Bu effekt elektron kitablarda yoxdur. Eksperiment apara bilərsiniz...
Son xəbərlər
Son Xəbərlər