Nazirin gözündəki qara eynək

nazirin-gozundeki-qara-eynek
Oxunma sayı: 2053


Özünün də dediyi kimi, bir neçə rəngin daşıyıcısı olan LGBT fəalı İsa Şahmarlının faciəli ölümü diqqəti intihar hallarının arxasındakı əsl səbəbdən yayındıra bilməz. Azərbaycanda insanlar əsasən ehtiyac üzündən canlarına qəsd edirlər. İntihar, övladlarının üzünə baxa bilməyən yoxsul ataların yeganə çıxış yoludur.

Azərbaycan hökuməti sosial problemləri görmək istəmədiyi üçün cəmiyyətdə narazılıq kütləvi xarakter alıb. Başlıca səbəb odur ki, məmurlar ölkəyə bahalı maşınların rəngli şüşələri arxasından baxırlar. Xidməti maşınlardan enəndə isə gözlərindəki qara eynəklər real mənzərəni görməyə imkan vermir. Pula hərislik onların bəsirət gözünü bağlayıb.

Bu qənaətim son vaxtlar daha da qüvvətlənib: azərbaycanlı məmurlar dərsə hazırlıqsız gələn nadinc uşaqlar kimi bir-birilərinin pis əməllərini ört-basdır etməklə məşğuldurlar. Sadə bir misal çəkmək istəyirəm. Bildiyiniz kimi, son illər Qarabağ əlillərinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə xeyli iş görülüb. Həm Bakıda, həm də rayonlarda əlillər üçün yaşayış binaları tikilib, ailə üzvlərinin sayına uyğun olaraq, onların əksəriyyəti iki və üçotaqlı mənzillərlə təmin olunublar. Amma hər dəfə açılış mərasimi başa çatan kimi icra başçılarının göstərişi ilə yumşaq mebellər və məişət əşyaları yenidən mağazaya qaytarılır. Deyilənlərə görə, bir neçə il əvvəl Qaradağın keçmiş icra başçısı Qarabağ əlilinin evindəki bahalı mebelləri açılış mərasimindən dərhal sonra öz villasına daşıtdırıb. Bu problemlə bağlı əlillər dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsələr də, keşmiş nazir Füzuli Ələkbərov öz məmur həmkarının ayağını tapdalamaq istəmədiyi üçün onların şikayətini qulaqardına vurub. Əgər bu cür özbaşınalığın qarşısı vaxtında alınsaydı, Zaur Həsənov bir ay əvvəl üstünə benzin töküb, özünü cismən, bizi isə mənən yandırmazdı.

Köçkün qohumlarıma baş çəkmək üçün tez-tez Biləsuvarla İmişli rayonlarının sərhəddində yerləşən Cəbrayıl qəsəbələrinə gedirəm. Mənzil başına çatmaq üçün Sabirabad, Saatlı və İmişli rayonlarının ərazisindən keçməli oluruq. Bu rayonları bir-birinə bağlayan şosse yolu İkinci Dünya Müharibəsindən sonrakı rus kəndlərini xatırladır. Təkcə sıravi vətəndaşlar deyil, yuxarıda adları çəkilən 3 rayonun, o cümlədən Beyləqan və Füzulinin icra başçıları da həmin yoldan istifadə edirlər. Amma həmin adamların heç biri özündə cəsarət tapıb, cəbhənin Füzuli- Cəbrayıl istiqamətinə uzanan bu yolun təmin olunması üçün Nəqliyyat naziri Ziya Məmmədovun qarşıısnda məsələ qaldırmır. Hətta tanıyanların sakit adam kimi xarakterizə etdikləri Baş nazir Artur Rəsizadədən də kömək istəməyə qorxurlar. Çünki özləri vəzifələrinin öhdəsindən gələ bilmədikləri üçün digər məmurların da yarıtmaz əməllərinə göz yummaq məburiyyətindədirlər.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Kür daşqınları zamanı, Səhiyyə naziri Oqtay Şirəliyev, Kənd təsərrüfatı naziri Heydər Əsədov, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Baş prokuror Zakir Qaralov isə müxtəlif tədbirlərə qatılmaq üçün dəfələrlə həmin yoldan istifadə ediblər. Amma gözlərində qara eynək olduğu üçün necə bərbad yolla getdiklərinin fərqinə varmayıblar. Yoxsa, bu günə kimi bir tədbir görülərdi...