Nazirlər Kabinetində qaçqın və məcburi köçkünlərlə bağlı iclas olub

nazirler-kabinetinde-qacqin-ve-mecburi-kockunlerle-bagli-iclas-olub
Oxunma sayı: 1184

Mayın 2-də Nazirlər Kabinetində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binaların vəziyyətinə dair iclas keçirilib.

"Qafqazinfo" xəbər verir ki, baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. 

İclasda paytaxt ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda yoxlamalar aparan Fövqəladə Hallar Nazirliyinin arayışı dinlənilib. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu kateqoriyadan olan insanların kommunal problemlərlə üzləşməməsi üçün hazırda aidiyyəti qurumların komitə ilə birgə xüsusi komissiyanın tərkibində işlədiyini bildirib. Sədr komissiyanın artıq bir neçə binaya baxış keçirdiyini və mövcud vəziyyətlə bağlı rəy hazırladığını deyib. 

Bu məsələnin dövlət başçısının nəzarətində olduğunu vurğulayan Baş nazirin müavini komissiyaya qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binaların vəziyyəti, həmin binalarda elektrik və qaz xətlərində olan nasazlıqların aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı tez bir zamanda Nazirlər Kabinetinə məlumat verilməsini tapşırıb.