Nazirlər tibbi sığortaya görə bir araya gəldi

nazirler-tibbi-sigortaya-gore-bir-araya-geldi
Oxunma sayı: 2239


“Qafqazinfo”ya Nazirlər Kabinetindən daxil olan məlumata görə, müşavirəni giriş sözü ilə açan Əli Əhmədov qeyd etdi ki, son illər ölkə iqtisadiyyatının sürətli inkişafı ilə əlaqədar əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. O cümlədən, əhaliyə səhiyyə xidmətinin daha da yüksəldilməsi, səhiyyə infrastrukturunun keyfiyyətcə yeniləşdirilməsi, tibbi kadrların hazırlanması və s. istiqamətlərdə əldə olunan nailiyyətlər islahatların yeni mərhələdə davam etdirilməsini zəruri edir.

Daha sonra ölkə rəhbərliyinin bu sahədə qarşıya qoyduğu məsələlər ətrafında müzakirələr oldu. Müzakirələrdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev, maliyyə naziri Samir Şərifov, Ədliyyə naziri Fikrət Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev və digər müvafiq qurumların məsul şəxsləri “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsi üçün görülən işlərdən danışıblar.

Geniş fikir mübadiləsindən sonra müşavirəyə yekun vuran Baş nazirin müavini Əli Əhmədov ölkədə səhiyyə islahatlarının daha da inkişaf etdirilməsini nəzərdə tutan icbari tibbi sığortanın tətbiq edilməsi sahəsində işlərin daha da sürətləndirilməsinin zəruri olduğunu vurğulayaraq, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verdi.

Müşavirədə müzakirə olunan məsələ ilə əlaqədar təkliflər nəzərə alınmaqla xüsusi işçi qrupunun yaradılması qərara alınıb.