Nazirlik 1134 nəfəri işlə təmin edib

nazirlik-1134-neferi-isle-temin-edib
Oxunma sayı: 632

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Azərbaycan Turizm İnstitutunda “Karyerada ilk addım” devizi altında tədbir keçirilib. Tələbələrlə, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələrin yaradılmasına xidmət edən tədbirdə 57 müəssisə və təşkilat tərəfindən 405 boş iş yeri təqdim olunub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, həmin müəssisələrdən 3-ü dövlət, 54-ü qeyri-dövlət müəssisələridir. Tədbirin əsas məqsədi məzun və tələbələrə aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək, bununla da işəgötürənlərə qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasında imkan yaratmaq, eyni zamanda işaxtaran vətəndaşların layiqli işlə təminatına köməklik göstərmək olub.

Tədbirdə qeyri-neft sektoru üzrə fəaliyyət göstərən iri şirkət və kompaniyalardan “European Tobacco–Baku” ASC, “Azərsun Holding” MMC, “Veysəloğlu Yayıcılı Qardaşlar” MMC, “İmprotex Travel” MMC, “Atəşgah” Sığorta Şirkəti, “Ataturizm” MMC, “Paşa Travel” MMC, Qobustan Milli Tarixi Bədii Qoruğu və digər müəssisələr iştirak ediblər.

Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli bildirib ki, bu vaxtadək Bakı şəhərində “Karyerada ilk addım” devizi altında keçirilmiş tədbirlərdə 903 işəgötürən müəssisə və kompaniya iştirak edib, 1184 işəgötürən təşkilat tərəfindən 7510 boş (vakant) iş yeri təqdim olunub. Tədbirlərdə iştirak etmiş işaxtaran vətəndaşlardan 2185 nəfərə göndəriş verilib, 1134 nəfər münasib işlə təmin edilib.

“Karyerada ilk addım” devizi altında növbəti tədbir 22 iyun 2012-ci il tarixdə “Qafqaz” Universitetində təşkil ediləcək. Cari ilin sonuna kimi bir neçə ali təhsil müəssisəsində də belə tədbirlər keçiriləcək.

Nigar Məmmədli