Nazirlik 12, deputat isə 50 nəfərin öldüyünü deyir - İranda koronavirus müəmması

nazirlik-12-deputat-ise-50-neferin-olduyunu-deyir
Oxunma sayı: 2185

“Bu günə qədər Qum şəhərində 50 nəfər koronavirusdan dünyasını dəyişib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “ILNA” agentliyinə İran parlamentinin Qum şəhərindən olan millət vəkili Əhməd Əmirabadi Fərahani bu gün parlamentin iclasından sonra bildirib.

Onun sözlərinə görə, ölümcül virusa 250-dən çox insan yoluxub və onlar hazırda karantində saxlanılırlar.

Deputat qeyd edib ki, koronavirusa ilk yoluxma faktı barədə məlumat fevralın 19-da mediada yayılıb: “Əslində isə, ilk yoluxma fevralın 13-də olub”.

Fərahani həmçinin bildirib ki, Qumda vəziyyət ürəkaçan deyil: “Hökumətin virusa nəzarət etmə mövzusundakı performansı uğursuzdur. Ölkədə tibbi maskalar tapılmır. Bəzi həkimlər şəhəri tərk ediblər”.

İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi millət vəkilinin açıqlamasına münasibətində onun əsassız danışdığını söyləyib: “Koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb. Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir. Əgər Qumda ölənlərin sayı iddia olunan rəqəmlərin yarısı, yaxud dördə biri qədər olarsa, vəzifəmdən istefa verəcəm”.