Nazirlik gəncləri "Yaradıcılıq emalatxanası" düşərgəsində iştiraka dəvət edir

nazirlik-gencleri-yaradiciliq-emalatxanasi-dusergesinde-istiraka-devet-edir
Oxunma sayı: 1442

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradıcı və həvəskar gəncləri 10-20 avqust tarixləri arası “Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi” ndə ilk dəfə olaraq gerçəkləşəcək “Yaradıcılıq emalatxanası” adlı düşərgəyə dəvət edir. 7 Sahəni- təsviri sənət, foto, müasir rəqs, aktyorluq, rejissorluq, estrada ifası, telejurnalistikanı əhatə edəcək düşərgədə, yaşı 18-23 arası olan gənclər iştirak edə bilər.

"Qafqazinfo"ya nazirlikdən daxil olan məlumata görə, düşərgədə yaradıcılıq emalatxanaları, yaradıcılıq müsabiqələri, ustad dərsləri, ekspertlər ilə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar - kinoseans, diskoteka, karaoke, gülüş axşamları, masaüstü oyunlar, intellektual oyunlar, tonqal ətrafı yaradıcılıq gecələri, konsert proqramları təşkil olunacaq.

Düşərgədə iştirak etmək üçün gənclər http://goo.gl/forms/mBybK3bOlLtaKLd63 səhifəsində yerləşdirilən anket formasını [email protected] elektron ünvanına göndərilməlidirlər. Ərizəni doldurub təsdiqlədikdən sonra şəxsiyyəti təsdiq edən sənədin surəti də [email protected] ünvanına göndərilməlidir.

Ümumilikdə 70-80 gəncin iştirak edəcəyi düşərgədə məşhur şəxslərin gənclərlə görüşü, fikir mübadilələri aparmaları və təcrübələrini bölüşmələri nəzərdə tutulub.

Müxtəlif mövzular üzrə təlim keçəcək gənclər düşərgənin ilk günündən maraq göstərdikləri sahə üzrə əl işləri üzərində çalışıb, təlimin sonunda onları ekspertlərə təqdim edəcəklər. Nəticədə hər qrupdan 1 nəfər qalib seçiləcək. Düşərgənin sonunda gənclərə sertifikatlar təqdim olunacaq. Düşərgə zamanı, gənclər Göygöl, Gəncə və Şəmkirə ekskursiyaya səfərə gedəcəklər.

Qeyd edək ki, gənclərin “Yaradıcılıq emalatxanası” düşərgəsində iştirakı pulsuzdur.