Nazirlik siyasi partiyalarla bağlı açıqlama yaydı

nazirlik-siyasi-partiyalarla-bagli-aciqlama-yaydi
Oxunma sayı: 645

“Qafqazinfo”nun nazirliyin saytına istinadən məlumatına görə, açıqlamada Nazirlər Kabinetinin 16 noyabr qərarı ilə “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nın təsdiq edildiyi qeyd olunur:

“Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində siyasi partiyaların illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə baş mühasiblər və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşlar üçün 3 gün ərzində treninq keçiriləcək. “Mühasibat uçotu haqqında” qanuna uyğun olaraq siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir”.

“Siyasi partiyalar haqqında” qanundan çıxarış:

Maddə 18. Siyasi partiyaların gəlir və xərcləri

Siyasi partiyaların pul və ya pul ifadəsi olan sərvətlər şəklində əldə etdikləri vəsait onların gəliridir. Partiyanın hamılıqla qəbul olunmuş öhdəliklərdən azad edilməsi nəticəsində alınan səmərə də gəlir sayılır.

Aşağıdakılar siyasi partiyaların gəlirləri sayılır:

üzvlük haqları;

əmlakdan götürülən gəlir;

tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlərlə bağlı olan buna

bənzər başqa fəaliyyətdən götürülən gəlir;

ianələr şəklində gəlir;

seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait;

aşağı təşkilatların ödəncləri;

dövlət büdcəsindən ayrılan vəsait;

borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ;

hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak;

qalan gəlir.

Aşağıdakılar siyasi partiyanın xərcləri sayılır:

cari işlərə sərf olunan vəsait;

siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər;

ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər;

aşağı təşkilatlara ödənclər;

kreditlər üzrə faizlər;

fərdi xərclər;

qalan xərclər.

Maddə 21. Maliyyə hesabatı

21.1. Siyasi partiyalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotunu aparır və maliyyə hesabatlarını tərtib edirlər.

21.2. Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

21.3. Üzvlük haqqı ödəyən siyasi partiya üzvlərinin sayı maliyyə hesabatında qeyd edilir.

21.4. Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21.5. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirirlər.