Nazirlik təhsil proqramlarının mənimsənilməsi üçün bu tədbirləri görüb

nazirlik-tehsil-proqramlarinin-menimsenilmesi-ucun-bu-tedbirleri-gorub
Oxunma sayı: 3799

Təhsil Nazirliyi tərəfindən tədris prosesinin dayandırıldığı müddət ərzində tələbə və şagirdlərə təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədi ilə bir sıra təxirəsalınmaz tədbirlər görülüb.

Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, mart ayının 11-dən başlayaraq bütün orta məktəb şagirdləri üçün ölkə üzrə bütün siniflər və əksər fənlər üzrə vahid teledərslər təşkil edilib. Bir sıra orta ümumtəhsil müəssisələrində dərslərin onlayn şəkildə təşkili başlayıb və hazırda bu imkanların genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrinə də təlim-tədris prosesinin məsafədən təşkil olunması istiqamətində öz tövsiyələrini verib və bu fəaliyyət hazırda bır sıra ali təhsil müəssisələrində müvafiq qaydada təşkil olunub.

Bununla bağlı Nazirlik bildirir ki, tədrisdə yaranmış fasilə zamanı təlim-tədris prosesinin məsafədən təşkil edilməsi əsasən tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, müvafiq təhsil proqramının mənimsənilməsinə hərtərəfli şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkil olunması məqsədilə həyata keçirilir.

Tələbələr bu prosesə öz töhfələrini verməli və yaradılmış bu fürsətdən mümkün qədər yararlanmalıdırlar. Bununla yanaşı təlim-tədris prosesinin məsafədən təşkil olunması istiqamətində atılan hər bir addım (onlayn mühazirə və seminarların təşkili, məlumatların tələbələrə elektron resurslar vasitəsi ilə ötürülməsi və s.) tələbələrin həmin prosesdə könüllü surətdə iştirakını ehtiva etməli və onların bu məqsəd üçün tələb olunan informasiya texnologiyaları vasitələrinə çıxış imkanlarının olub-olmamasını (məsafədən təhsil üçün texniki alətlərin əlçatanlığını və əhatəliyini) nəzərə almalıdır.