Nazirlikdə məişət zorakılığı müzakirə olundu

nazirlikde-meiset-zorakiligi-muzakire-olundu
Oxunma sayı: 645

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, iclası giriş sözü ilə açan nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanına əsasən, Nazirlər Kabinetinin 25 aprel 2012-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar barədə ətraflı məlumat verərək, məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət və qeyri-dövlət yardım mərkəzlərinin yaradılmasının həmin şəxslərin sosial müdafiəsi, onlara hüquqi, tibbi, psixi, sosial və digər yardımın göstərilməsi sahəsində mühüm addım olacağını vurğulayıb.
İclasda adı gedən Qaydaların icrası, qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası, məişət zorakılığının qarşısının alınması ilə bağlı görüləcək işlər barədə müzakirələr aparılıb. Məlumat üçün bildirək ki, yaradılacaq yardım mərkəzləri məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi, tibbi, psixi, sosial və digər yardımın göstərilməsi məqsədinə xidmət edəcək. Həmin mərkəzlərdə şəxsiyyətin konfidensiallığı təmin edilməklə, zərər çəkmiş şəxsin xahişi (razılığı) ilə ona zəruri yardım göstərilməsi, müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qaydalara əsasən, dövlət yardım mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunur, eyni zamanda nazirlik qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyasını təmin edir. Akkreditasiya üzrə Komissiyada əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, , təhsil, səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri təmsil olunur.