Nazirlikdən daha bir yeni addım

Nazirlikdən daha bir yeni addım
Oxunma sayı: 1498

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni addım kimi, nazirliyin “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsi yaradılıb və proqramı iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatların həmin altsistemə daxil edilməsinə başlanılıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən sosial sahədə aparılan islahatlar barədə məlumat verib. Nazir müavini vurğulayıb ki, bu islahatların mühüm istiqamətlərindən biri fəaliyyət sahələrində şəffaflığın təmin olunması, bu kontekstdə də fəaliyyət və xidmət sektorlarında ictimai açıqlığa, ictimai nəzarətə geniş şərait yaradılmasıdır. Azərbaycanda ilk sosial reyestr olan “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsinin yaradılması da bu məqsədə yönələn addımlardan biridir.

Proqramın icrası işlərindən bəhs edən A.Əliyev diqqətə çatdırıb ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran vətəndaşların dövlətin mal və materiallar formasındsa aktiv dəstəyi ilə özünüməşğulluğunun və kiçik ailə təsərrüfatlarının yaradılmasının təmin edilməsinə, işsizlikdən kiçik biznesə çıxışının dstəklənməsinə xidmət edir. Proqramının əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. 2019-cu ildə isə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. Cari ilin 8 ayı ərzində artıq 4589 nəfər proqram çərçivəsində təlimlərə cəlb olunub və 3052 nəfər təlimləri bitirib. Proqrama cəlb edilənlərin 16,4 faizi Bakı və Sumqayıt şəhərlərinin, 83,6 faizi digər şəhər və rayonların payına düşür. Proqram iştirakçılarının 47 faizə qədərini sosial müdafiəyə xüsusi ehtiyacı olan həssas əhali qruplarına aid şəxslər təşkil edir. Bu ilin 8 ayında proqrama cəlb olunanlar sırasında həssas kateqoriyalardan olan şəxslər 2555 nəfərdir. (O cümlədən əlilliyi olan şəxslər - 993 nəfər, ünvanlı sosial yardım alanlar-304 nəfər, məcburi köçkünlər - 712 nəfər, gənclər - 408 nəfər, şəhid ailəsi üzvləri - 138 nəfər və b.) Artıq bu ilin ötən dövründə 2500-ə yaxın iştirakçı aktivlərlə təmin edilib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi