Nazirlikdən “şapka” ittihamına cavab

nazirlikden-sapka-ittihamina-cavab-
Oxunma sayı: 643

“Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti tam şəffafdır”. Bunu “Qafqazinfo”ya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev saytımızda bu gün yayımlanan “Azərbaycanda Fonda qarşı “şapka” ittihamı” başlıqlı yazıya münasibət bildirərkən deyib. A. Əliyev bildirib ki, Fond tərəfindən iqtisadi cəhətdən əsaslandırılan bütün layihələr hər zaman maliyyələşdirilir. Kreditlərin böyük hissəsi isə regionlara yönəldilir: “Ayrılan güzəştli kreditlər daim sahibkarların və KİV-in iştirakı ilə təqdim olunur. Kreditlərin verilməsi Azərbaycanın bütün regionlarını əhatə edir. Bu baxımdan da şəffaflıq tam təmin olunub. Fond tərərfindən mütəmadi olaraq regionlarda keçirilən tədbirlərdə hər bir regionun spesifikasına uyğun olaraq prioritet sahələr üzrə nümunəvi investisiya layihələri sahibkarlara təqdim olunur. Biznes planların tərtib edilməsində məsləhətlər verilir, sahibkarlara maarifləndirici treninqlər keçirilir, güzəştli kreditlərin alınması qaydaları izah edilir. Bu kimi tədbirlər ölkənin bütün regionunu əhatə edir. Hər bir regionda güzəştli kreditlərin verilməsindən sonra bu haqda məlumatlar İqtisadi İnkişaf Nazirliyinin saytında yerləşdirilir. Hər rübün sonunda Fondun hesabatı açıqlanır. Artıq üç ildir ki, Fondun maliyyə fəaliyyəti beynəlxalq audit şirkəti tərəfindən audit olunur, beynəlxalq hesabatlara uyğunluğu yoxlanılır, fəaliyyəti müsbət qiymətləndirilir”.
A.Əliyev onu da vurğulayıb ki, ötən ildən sahibkarlar üçün güzəştli kreditlərin minimal həddi 5 min manata endirilib. Bu da kiçik sahibkarlığın inkişafına təkan verir: “Bu il ərzində 2327 sahibkar Fond tərəfindən güzəştli kreditlərdən yararlanıb. Onlara ümumilikdə 209 milyon manatdan çox güzəştli kreditlər verilib. Gələn ildən güzəştli kreditlərin həcminin daha da artırılması nəzərdə tutulub”.

Nigar Məmmədli