Nazirliklərdə kütləvi yoxlamalara başlanılır

nazirliklerde-kutlevi-yoxlamalara-baslanilir
Oxunma sayı: 645

Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Palatadan “Qafqazinfo”ya verilən məlumata görə, iclasda Xəzər və Tovuz rayon İcra Hakimiyyətlərinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi üzrə auditlərin nəticələri, İsmayıllı və Neftçala rayonlarının Yerli İcra Hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə dair Rəy və Hesabatlar müzakirə olunaraq təsdiq olunub. Nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.

Kollegiya iclasında, həmçinin, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrına ayrılan vəsaitlərin və digər mənbələrdən daxil olan vəsaitlərin icrasına, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Yaddaş” sənədli filmlər studiyasına ayrılan vəsaitlərin icrasına, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və icrasına, “Şirvan Regional Elektrik” MMC tərəfindən dövlət vergilərinin qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair Audit proqramları da təsdiq edilib.

Bundan başqa, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən qurulması üzrə Agentliyə Gəncə şəhəri, Şəmkir, Samux, Oğuz, Zaqatala, Göygöl, Goranboy, Ağstafa və Tovuz rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına və su təmizləyici qurğunun tikintisinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mərkəzi aparatının saxlanılmasına və digər tədbirlərə ayrılan vəsaitlərin istifadəsinə, Ağcabədi və Goranboy rayonlarının Yerli İcra Hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadəsinə, Bərdə və Qusar rayon İcra Hakimiyyətlərinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair Audit proqramları da təsdiq edilib.

Nigar Məmmədli