Nazirliyin açıqlamasına kinoteatrdan münasibət

nazirliyin-aciqlamasina-kinoteatrdan-munasibet
Oxunma sayı: 715

Son günlər ölkədə kino şəbəkələri arasında münaqişə mövzusu gündəmə gəldi. Hətta məsələyə Mədəniyyət və Turizm Nazirliyi də qarışaraq açıqlama yaydı.

Park Cinema kinoteatrlar şəbəkəsinin marketinq üzrə direktoru Musa Axundov Nazirliyin açıqlamasını şərh edərkən “Qafqazinfo”ya bildirib ki, kino şəbəkələri arasında münaqişə mövzusu xəbər agentlikləri tərəfindən azərbaycanlı rejissor və prodüserlər arasında keçirilən sorğu vasitəsilə gündəmə çıxıb: “Xəbər agentlikləri Park Cinema-dan münasibət öyrənməyiblər və buna görə də məsələ ilə bağlı anlaşılmazlıq yaranıb. Yaranmış vəziyyət haqqında ətraflı məlumat verməyi özümə borc bilirəm. Kino bazarında rəqabətin olması normal haldır, rəqabət olmadan irəliyə doğru irəliləmək, inkişaf etmək mümkün deyil. Digər kinoteatrlardan fərqli olaraq, biz film istehsalçılarından prokatda eksklüziv hüquq tələb etmirik. Belə bir şey yoxdur və heç vaxt olmayıb da. Biz rejissorlarla görüşür və prokatın təfərrüatlarını müzakirə edirik. Bu zaman filmin ancaq Park Cinemada nümayişi barədə şərt qoymuruq. Əgər film digər kinoteatrlarda nümayiş olunursa belə, biz onu kinoteatrımızda həvəslə göstərəcəyik. Bizim mövqeyimiz ədalətlidir və biz sözdə deyil, əməldə də Azərbaycanda kino çəkən hər kəsi dəstəkləməyə hazırıq”.