Nazirliyin əməkdaşı döyüldü

nazirliyin-emekdasi-doyuldu
Oxunma sayı: 644

ANS PRESS-in nazirliyin rəsmi saytına istinadla verdiyi məlumata görə, 23 fevralda nazirliyin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısını almaq məqsədilə keçirdiyi növbəti reyd zamanı Sabirabad, Saatlı və İmişli rayonlarının ərazisində fəaliyyət göstərən Sarı-su Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 3 nəfər Saatlı rayonunun Hacıqasımlı kənd sakinləri saxlanılıb. Şöbə əməkdaşları qanun pozucularından şəxsiyyətlərinin təsdiqinə və ov silahına dair sənəd tələb etdiyi zaman həmin şəxslərdən biri şöbənin əməkdaşı Kərim Səlimova müqavimət göstərib, ov silahı ilə onun üz nayihəsinə zərbə endirərək yaralayıb və qaçıblar.

Şöbə əməkdaşlarının səyi nəticəsində qanun pozucularından biri saxlanılaraq ondan 1 ədəd ov tüfəngi, 17 ədəd patron, 5 ədəd “Qırmızı Kitaba” düşmüş fısıldayan Qu quşu aşkar edilib və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 404-cü maddəsinə əsasən maddi-sübüt kimi götürülüb. Faktla bağlı qanunamüvafiq qaydada akt və protokol tərtib edilib.

Qeyd olunan qanun pozuntusu və Nazirliyin əməkdaşına vurulan fiziki zərər barəsində Saatlı rayon Polis Şöbəsinə məlumat verilib. Faktla bağlı toplanmış materiallar İmişli Rayon Prokurorluğuna təqdim olunması üçün hazırlanır.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 85 nəfər saxlanılıb, onlardan 73 ədəd ov tüfəngi, 233 ədəd patron, 164 ədəd quş, o cümlədən “Qırmızı kitab”a düşmüş fısıldayan qu, bəzgək quşları götürülüb.