Nazirliyin əməkdaşları “qadınların fəhlə bazarı”nda olub - Açıqlama

nazirliyin-emekdaslari-qadinlarin-fehle-bazarinda-olub
Oxunma sayı: 3604

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Maştağa qəsəbəsindəki “qadınların fəhlə bazarı” haqda sosial şəbəkələrdə yayılan video-sujetlə bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, ƏƏSMN əməkdaşları həmin ərazidə olublar və qadınların məşğulluğunun təmin edilməsi ilə bağlı işlər görüləcək:

““Qadınların fəhlə bazarı” kimi tanınan, pərakəndə, qeyri-mütəşəkkil işçi bazarı barədə yayımlanan videosujetlə bağlı əməkdaşlarımız həmin ərazidə olublar.

Bura mütəmadi olaraq müxtəlif yaşlarda 10-12 qadın gələrək sifarişlərə uyğun qeyri-formal şəkildə müxtəlif işlərdə, əsasən də ilkin peşə hazırlığı tələb olunmayan müxtəlif ev təsərrüfatı işlərində gündəlik qazanc müqabilində işçi xidmətlərini təklif edirlər.

Aparılan söhbətlər əsnasında onların əsasən ölkənin bölgələrindən gəldikləri və işlə təmin edilmək üçün çoxlarının heç zaman məşğulluq orqanlarına müraciət etmədikləri müəyyən olunub.

Bunun səbəbini soruşduqda isə sadəcə sərbəst rejimdə və günəmuzd qazanc müqabilində işləməyi üstün tutduqlarını bildiriblər.

Həmin qadınlarla bağlı məlumatlar toplanıb, hər birinin mövcud ailə vəziyyəti, yaşayış vəziyyəti öyrənilib. Onların məşğulluğunun təmin edilməsi, müvafiq aktiv məşğulluq tədbirlərinə, eləcə də ödənişli ictimai işlər proqramına cəlb olunmaları üçün işlər aparılacaq. Eyni zamanda, işlə təmin olunduqdan sonra da mövcud ailə vəziyyətləri nəzərə alınmaqla mümkün sosial müdafiə tədbirləri, o cümlədən sosial yardım proqramı ilə əhatə olunmaları imkanları da araşdırılacaq”.