Nə o, nə başqaları, nə də Qurban Qurbanov...

Nə o, nə başqaları, nə də Qurban Qurbanov...
Oxunma sayı: 4127

Qol.az saytının baş redaktoru Aydın Bağırov “Qarabağ”ın dünənki məğlubiyyətini sərt tənqid edən köşə yazıb.

“Qafqazinfo” Qol.az-a istinadən həmin yazını təqdim edir:

Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran alman Tomas Dollu gətirib, bir az bədgümanlıqla dedi: “Bu, çox pis oldu”.

İki gün əvvəl isə mətbuat konfransında Qurban Qurbanov eyni fikri təsdiq edib söylədi ki, rəqib düşərgədə baş məşqçi dəyişikliyi “Qarabağ”ın əleyhinə işləyə bilər.

İşlədi də...

Yəqin hər iki oyunu izləyənlərin çoxu təsdiq edə bilər ki, futbolçular eyni olsa da, APOEL bir həftə əvvəl bizə uduzan APOEL deyildi: nə taktikası, nə ruhu, nə canı, nə də qanı ilə. Daha güclü, istəkli, təzyiq edən, nəhayət, xüsusən müdafiədə ağıllı oynayan bir APOEL vardı. Aradakı bu inqilabi fərqin isə sadə səbəbi odur ki, Tomas Dolla beşcə gün kifayət etmişdi ki, “Qarabağ”ın oyununu təpədən dırnağa qədər öyrənə bilsin. Öyrəndi, gəlib burda bizi uddu və heç kiprlilərin özlərinin də gözləmədiyi halda APOEL-i ÇL-in pley-offuna çıxardı.

İki məşqçinin qarşıdurmasında bu matçı udan birmənalı şəkildə Tomas Doll, uduzansa Qurban Qurbanov oldu. Amma əksi də ola bilərdi, olmalı idi də. “Qarabağ” bu gün Avropa Liqasının deyil, yenidən Çempionlar Liqasının pley-offunda oynamalıydı. Əla bir şans yaranmışdı. Heç vaxt olmadığı qədər. Bundan sonra belə bir şans olacaqmı, zaman göstərər. Amma “Qarabağ” APOEL-i keçməli idi. Rəqibin ilk oyundan sonra təcili məşqçi dəyişikliyinə getməsi Qurban müəllimin cavab oyunu üçün planını poza da bilərdi. Amma bu dəyişiklik heç bir halda dünənki acınacaqlı məğlubiyyəti sığortalaya bilməz.

Ona görə ki, bizə problemi birinci Tomas Doll, ikinci onun komandası, üçüncüsü özümüz yaratmışdıq. Problemləri sadalasaq, bitməyəcək. Amma sadalayaq.

Fotoda: Aydın Bağırov

Müdafiə

Rəşad Sadıqovun birinci qolda birbaşa səhvi oldu. Ümumiyyətlə, neçə vaxtdır ortada problemlər yaşanır. Bədavi zədəlidir, Rahilin təcrübəsi belə yüksək səviyyəli oyunlar üçün yetərli deyil. Rəşad bu ili ümumən yaxşı səviyyədə keçirsə də, APOEL-lə hər iki oyunda təhlükəli səhvlər etdi. Onun biri qapımıza qolla nəticələndi. Rəqiblər gücləndikcə müdafiədəki çatışmazlıqlar daha qabarıq üzə çıxır. Bütün bunlardan sonra “Qarabağ” mərkəzə yeni oyunçu almaq barədə, nəhayət, konkret fəaliyyətə keçməlidir.

Qapı

Vaqner səviyyəli oyunçudur, amma bu qədər yüksək büdcəsi (Azərbaycan miqyasında) olan komandada onun rəqabət aparacağı ikinci səviyyəli qapıçının olmaması təəccüb doğurur. Braziliyalı sanki özünü rahat, toxunulmaz hiss edir və elə ona görə də... Yaxşısı budur, Yutubda dünən qapımıza vurulan ikinci qola baxın. Vaqner çıxarmalıydı o topu. Belə vacib oyunlarda da ciddi səhvlər edilirsə, sual yaranır: ikinci qapıçı niyə hələ də alınmayıb və nə vaxt alınacaq?

Yarımmüdafiə

Yarımmüdafiənin cinahları uğurludur. Yeni oyunçulardan Xayme əla, zədə ilə üzləşməsə gələcəkdə “Qarabağ”ın ulduzu səviyyəsində ola biləcək transferdir. Amma Ozobiçin zədələnməsindən sonra orta xətt elə bil iflic olub. Simeon Slavçev bəlkə də Bolqarıstanda əla oyunçu ola bilər, amma Qurban Qurbanovun sisteminə qətiyyən aid deyil! Və düz bir ildir ki, belədir! Bir ildir... Meydanda olmasının “Qarabağ”ın həm oyununa, həm də büdcəsinə zərəri dəyir. Ümumiyyətlə, “Qarabağ” belə lazımsız oyunçulara niyə pul xərcləyir, anlaşılan deyil. Slavçev üç oyuna düz dörd əla qol şansını boşa verib. Ona verilən tapşırıqların öhdəsindən gələ bilmir. Qol epozodları yarada  bilmir.

Dünənki oyuna baxın. “Qarabağ” onun meydanda 73 dəqiqə olduğu müddətdə sanki 10 nəfərlə oynayırdı. Dani meydana girəndə bir balaca komanda oyununda dirilmə hiss olundu. Amma artıq gec deyildimi? 73-cü dəqiqə idi. Bəs, əvəzetmə, 46, yaxud 50-də olsa, necə olardı? Yaxud digər əvəzetmələr. Bu suallar artıq heç nəyi dəyişmir... Cavabını gözləyən bir məsələ isə hələ qalmaqdadır: Ozobiçin yoxluğunda orta xətdə axtarılan əlavə oyunçu nə vaxt tapılacaq? Səviyyəli oyunçular Azərbaycan futbolunun aşağı səviyyəsinə görə bura gəlmirlər. Amma onlara bazar qiymətindən bir az artıq pul verilsə necə? Klub rəhbərliyi bu haqda nəsə düşünürmü? Düşünmürsə, düşünməlidir. Hər halda legionerlərin heç biri bura Azərbaycan, ya Qarabağ sevgisinə görə gəlmir. Amma bir az artıq pula, necə deyərlər, qaça-qaça gələcəklər. Yoxsa, bu gedişat göstərir ki, komanda Avroliqada qrupa düşsə, yenə sonuncu olacaq.

Komandada son nöqtəni tamamlayan hücumdur. Mahir Emrelidə inkişaf gedir. Az halda olsa belə, avrokuboklarda vacib qollar vurur, çox işləyir, yaxşı mənada inadkardır. Maqaye Qayenin isə yaxşı qol duyumu və mövqe seçimi var (fakt: Kiprdəki topa ilk toxunuşunun qol olması). Amma gec transfer olunub. O qədər gec ki... Hələ də artıq çəkisini azaldaraq normaya salmayıb, komandasına 60 faiz səviyyəsində belə uyğunlaşmayıb. Halbuki indi əsas heyətdə oynayıb qollar vurmalıydı. Və o qollar “Qarabağ”ı Çempionlar Liqasında “pley-off”a aparmalıydı. Amma apara bilmədi. Nə o, nə başqa futbolçular, nə də Qurban Qurbanov...

Deməli, alın yazımızla - Avroliqa ilə barışmalıyıq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi