“Nə polisəm, nə də icra başçısı...” - Keçmiş səfirlə müsahibə

ne-polisem-ne-de-icra-bascisi
Oxunma sayı: 3938

Mayda Bakıda yaşayış binasının yanmasından sonra facebookda yazdığı tənqidi statusla gündəmə gələn və vəzifəsini itirən keçmiş səfir Arif Məmmədov BBC azərbaycanca-ya müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

“Bilirsiniz, mən nə polisəm, nə də icra başçısıyam. Mən hökuməti təmsil etmişəm, amma insaflı diplomat ilk növbədə öz xalqının yanında olmalıdır” - deyən A.Məmmədov iddia edib ki, Bakıda “ona qarşı işləyən qüvvələr, ayağının altını qazanlar olub”.

A.Məmmədov müxbirin “Sizdən sonra bir neçə diplomat da hökumətə etiraz elədi. Bunlar sizinləmi bağlıdır? Sizmi ruhlandırmısınız onları?” sualına belə cavab verib:

“Onların bir hissəsinin mənimlə hər hansı bağlantısı yoxdur. Digərləri faktiki olaraq mənim tanıdığım diplomatlardır, ya da mənim statusumu bəyəndiklərinə görə işdən uzaqlaşdırıblar. Digərləri də mənimlə yaxınlıqda olduqları üçün işdən kəndarlaşdırmışdılar”.

Sabiq səfir Azərbaycanın Niderlanddakı səfirliyinin keçmiş əməkdaşı, bu ölkədən siyasi sığınacaq istəmiş Nahid Cəfərov barədə də danışıb:

“Mən Strasburqda, Avropa Şurasında vəzifəmdən dönəndən sonra təxminən bir ilə yaxın XİN-də işlədim. Nahidi bir bacarıqlı işçi kimi özümə faktiki olaraq köməkçi kimi götürmüşdüm. Mənim əksər görüşlərimdə Nahid də iştirak edirdi, o cümlədən Avropa İttifaqı səfirləri ilə “Chatham House qaydaları” əsasında (“Chatham House” qaydaları danışıqları və ya müzakirənin ictimaiyyət üçün açıqlanmadığı görüş şərtləridir-red.) görüşlərində iştirak edib. Nahidi sıxışdırmağa başladılar və bu da mənə elə gəlir ki, əsas səbəb idi”.

A.Məmmədov iddia edib ki, diplomatların yeni üsyan dalğası gözlənilir:

“Məndə olan xəbərlərə görə, bu prosesin davam olacaq”.

Sabiq səfir onun “Qərbin layihəsi” adlandırılmasına da münasibət bildirib:

“Müxtəlif mülahizələr yazırlar. Amma məni tanıyırlar, Qərbdə də tanıyırlar, kontinental Avropada da tanıyırlar, Şimali Avropada da tanıyırlar. Və məni demokratik düşüncəli insan kimi tanıyırlar. Rəyimi nəzərə alırlar. Məni 20 ildən artıq tanıyırlar və portretimi hazırlayıblar... Mənə müxtəlif qüvvələrin marağını artırırlar”. 

Sabiq səfir ona gizli dəstək verildiyini də etiraf edib:

“Mən üç aydır səhnəyə girmişəm, məni o qədər tanımırlar. Amma açıq olmasa da bilirəm ki, gizli dəstək çoxdur... İşlər gedir”.