Hər səhər evlərin arası ilə gəzirəm. Maşınlardan uzaq olum deyə. Onsuz da onların səs-küyündən evdə oturmaq olmur. “Koreyka”ların “vozduşkaları” az qala evi silkələyir.
Yolumun üstündə daim boz qarğalar uçuşur (biz tərəflərdə ona “palanlı qarğa” deyirlər). Mənə salam vermək üçün, sanki bir-birilərini qabaqlamaq istəyirlər: qarr-qarrr...
Məndə İvan Afrikanoviç sayağı, başımı yuxarı qaldırıb deyirəm: Nə qarıldayırsan, a sarsaq. Havayıdan boğazını yırtma, onsuz da nə gələn var nə gedən (Vasili Belovun “Olan işdi” əsərinin qəhrəmanı nəzərdə tutulur).
Hər səhər bu hadisə təkrar olunur. Amma quşların olmasına sevinirəm. Bir ara qorxmuşdum ki, quşlar tamam yoxa çıxa bilər. Hələ bu barədə bir hekayə də yazmağı düşünmüşdüm. Məzmunu təxminən beləydi: Quşlar məmləkətdən yoxa çıxır. Rəhbər tapşırır ki, quş tapıb gətirənə mükafat veriləcək. Ona görə də adamlar quşların sorağına çıxır: biri deyir, səsini eşitdim, biri deyir, lələyini gördüm, amma tuta bilmədim, külək onu uzaqlara aparda v. sə və. i.
Yadımdadı, Sahil bağında hardansa bir dələ peyda olmuşdu. Görməmiş adamalar onu elədən elə-belədən belə qovurdular. Səhərisi günü işə gedəndə dələnin öldüyünü gördüm. Nadanlar qova-qova onun ürəyini partlatmışdılar. Əvvəllər yolumun üstündə qanadlarında sarı zolaqları olan quşlar uçuşurdu: nə bülbüldülər, nə kanareyka (lüğətdə “sarı bülbül” kimi tərcümə olunub), nə də sərçə, amma sərçələr kimi cikgilədəşirdilər. Bəlkə onlar da bizim ərzaqlarımız, meyvələrimiz kimi modifikasiya olunublar. İndi onlar yoxa çıxıb və mən buna heyfslənirəm. Qarğa səsi yerinə düşməsə də, sevindiricidi.
Bir axşamüstü isə lap heyrətləndim. Evdə otura-otura sarıköynəklərin səsini eşitdim. Fikirləşdim ki, yəqin televizordu. Bir azdan televizor olan otağa keçdim, televizor bağlıydı. Fikir verdim ki, səs çöldən gəlir. Qapını açıb balkona çıxdım. Səs yaxınlıqdakı zeytunluqdan gəlirdi və avtobusların qulaqbatıran siqnalları arasından qulaqlarıma süzülürdü. Quşlar avtobusların əcaib siqnallarını batırmaq üçün səs tonlarını qaldırmışdılar, bəlkə də buna zaman-zaman vərdiş eləmişdilər. Sarıköynəklər əməlli-başlı oxuyurdu. Sevindim, qulaqlarım dincəldi. Axşam düşəndə zeytunluğu gəzməyə çıxdım. Amma sarıköynəklərin səsini eşitmədim, əvəzində başımın üstündən uçub gedən iriqanadlı bayquşu gördüm. Yenə də sevindim. Bayquş müdriklik əlamətiydi. Görünür, bu basabasda, bu ata-atda quşlar adamlardan ağıllı və sədaqətli çıxmışdılar, müdrikləşmişdilər. Geri qayıdanda yenə də həmin qarğaları gördüm: qarr-qarrr...
Nə qarıldayırsan, a sarsaq (bəlkə elə sağsağan sarsaq sözündəndir), havayıdan boğazını yırtma, nə gələn var, nə gedən. Birdən yadıma düşdü ki, quşlar gəliblər axı, çıxıb getməsələr yaxşıdı...
Son xəbərlər
Son Xəbərlər