Son 2 ay ərzində Amerikanı silkələyən “Nəfəs ala bilmirəm...” ifadəsinə bu yaxınlarda baxdığım bir filmdə rast gəldim.
Filmin adı “Hələ də Elis” (“Still Alice”) dir. Film Alzeymer xəstəliyinə düçar olan bir xanım professorun ailə münasibətlərindən bəhs edir. Aktrisa Culaina Mur (Julianne Moore) rolunun öhdəsindən layiqincə gəlib məncə. Sözüm onda deyil.
Filmdə bir səhnə var. Deməli, həmin bu Alzeymer xəstəsi olan qadının qızı hamilə olur və xəstəliyin onun övladına keçə bilməsi riski var. Hamilə qız evə gələndə anası ondan əhvalını soruşur. Qızı isə o qədər də yaxşı olmadığını 2 cümlə ilə ifadə edir:
* Nəfəs ala bilmirəm (I can’t breathe)... Yata bilmirəm. (I can’t sleep)
Yəqin çoxunuz deyəcəksiz ki, burada qeyri-adi bir şey yoxdur, adi dialoqdur, hamilə qadın üçün normal haldır və s. Amma nədənsə bu sözü eşidəndə mənim ağlıma ilk olaraq Amerika polisi tərəfindən öldürülən Eric Garner gəldi. Məncə ABŞ-da belə kritik məqamlarda, bu cümlənin təsadüfən işlənməsi inandırıcı deyil.
Amerika kinosu artıq elə səviyyədədir ki, belə aktual mövzulardan heç vaxt kənarda qala bilmir və məncə, müəlliflər polis zorakılığına etirazlarını bu cür bildiriblər. Bunda təəccüblü bir şey yoxdur.
Başqa bir məqam. Sual çıxa bilər ki, bu hadisələr təzə ortaya çıxıb, amma film çoxdan çəkilib.
Deməli belə... Qaradərili Eric Garner iyul ayında polis tərəfindən boğularaq öldürüldü, hadisədən bir neçə gün sonra məşhur “nəfəs ala bilmirəm” videosu ortaya çıxdı. Bu Filmin ilk təqdimatı isə sentyabrda 8-də Toronto Film festivalında olub.
Hətta filmdə əvvəlcədən belə bir səhnə və ya bu ifadə nəzərdə tutulmasa belə, sonradan ssenariyə əlavə edilməsi çox normal və labüddür. Dünyada onlarla belə siyasi mesajları olan film var.
Hətta yadıma düşən ən bariz nümunəni xatırladım sizə. Çoxunuzun izlədiyi “Möhtəşəm Yüzyıl” serialı. Son seriyalardan biri idi. Sünbül ağa əlində sarı güllərlə Hürrəm Sultanın yanına daxil olur, yandakı masaya qoyur. Sultan isə güllərə baxıb gülümsəyir və dialoq davam edir.
Mənası da budur: Həmin ərəfədə Türkiyədə bələdiyyə seçkiləri keçirilirdi. Müxalifətin əsas namizədi də Mustafa Sarıgül idi. Serial heyəti də bu mesajla öz siyasi mövqeyini ortaya qoydu... Bax belə...
Son xəbərlər
Son Xəbərlər