Dohada neft istehsal edən ölkələrin nümayəndələrinin gərgin müzakirələrlə keçən görüşü nəticəsiz başa çatıb. Bütün səylərə baxmayaraq, Səudiyyə Ərəbistanı irəli sürdüyü şərtini geri götürməyib.
"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, görüşün ziddiyyətli olacağı əvvəlcədən məlum idi. Lakin güman edilirdi ki, iştirakçı ölkələr dünya bazarında neftin qiymətinin artması naminə kompromisə gedəcəklər. Norveçin, İranın və Liviyanın görüşə qatılmaqdan imtina etməsi, Səudiyyə Ərəbistanının İran ilə ziddiyyətli münasibətləri neftin hasilatının “dondurulmasına” imkan verməyib.
Razılaşma sənədi üzərində aparılan 6 saatlıq müzakirədən sonra yekdillik əldə edilməyib və imzalama mərasimi baş tutmayıb.
"Qafqazinfo" xəbər verir ki, Səudiyyə Ərəbistanı yalnız İranın hasilatı donduracağı təqdirdə Rusiyanın təklifinə razılıq verəcəyini bəyan etmişdi. İran hasilatı dondurmaq fikrində olmadığını isə bu gün səhər saatlarında elan etmişdi.
Azərbaycanı isə görüşdə energetika naziri Natiq Əliyev təmsil edirdi. N.Əliyev jurnalistlərə müsahibəsində Azərbaycan neft hasilatının dondurulmasına razı olduğunu qeyd etmişdi.
Son xəbərlər
Son Xəbərlər