Neftçalada 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olundu

neftcalada-20-yanvar-faciesinin-33-cu-ildonumu-qeyd-olundu
Oxunma sayı: 3241

Neftçalada 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, xalqımızın azadlığı uğrunda həlak olan 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini yad etmək üçün Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH- i aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının Neftçala rayon nümayəndəliyinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələrininin iştirakı ilə ilk öncə 20 Yanvar şəhidləri üçün ucaldılan abidə ziyarət olunub, önünə tər qərənfil düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Şəhid ailələri ilə görüşən RİH-in başçısı onların qayğıları, problemləri ilə maraqlanıb və müvafiq tapşırıqlarını verib. 

Neftçala rayonunda 20 Yanvar hadisələrinin 33-cü il dönümü ilə əlaqədar “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Dəyirmi masada çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, 20 Yanvar faciəsindən dərhal sonra 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib:

“Azərbaycanda baş vermə hadisələri həm hüquqa, demokratiyaya zidd, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

1990-cı il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib:

“Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş verən bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gələn bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmayıb”.

Dəyirmi masanın sonunda 20 yanvar hadisələrini özündə əks etdirin Neftçala rayon Dövlət Rəsm Qaleriyasının rəsm əsərlərinə, Neftçala rayon Mərkəzləşmiş Kitabxana Sisteminin təşkil etdiyi kitab və çap materialları sərgisinə baxış keçirilib, videoçarx təqdim olunub.