Neftçala RİH-in dəstəyi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “2023-2024-cü tədris ilinin yekunu və qarşıda dayanan hədəflər” ilə əlaqədar Şirvan- Salyan Regional Təhsil İdarəsinin sentyabr konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Elm və Təhsil Nazirliyinin Srateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Xəlilova Rzazadə Leyla, Azərbaycan Respublikası Təhsil İnstitunun direktor müavini İlham Cavadov, Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, regionu təmsil edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Konfrans iştirakçıları tərəfindən Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılan əzəmətli heykəli ziyarət olunub.
İştirakçılar şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Srateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Xəlilova Rzazadə Leyla Respublikada təhsil sahəsində aparılan islahatlardan, təhsil müəssisələrinin əhatə dairəsinin genişləndirilməsindən, Qarabağ Universitetinin sentyabr ayının 16-dan fəaliyyətə başlamasından və ölkə təhsilində baş verən nailiyyətlərdən danışıb.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli 2023–2024-cü tədris ilində görülən işlər, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən layihələrdən, region üzrə şagird və müəllimlərin nailiyyətlərindən, layihələrin əhatə dairəsinin genişləndirilməsindən, təhsilin təşkili və idarəolunması üzrə statistik məlumatlardan, əmək intizamına nəzarətdən, təhsil müəssisələrinin istilik təminatından və təmir-tikinti ehtiyacları haqqında məlumat verib.
Çıxış edən Təhsil İnstitutunun direktor müavini İlham Cavadov 2023-2024-cü tədris ili ərzində Təhsil İnstitutu tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Respublika fənn olimpiadaları, fənn müsabiqələrinə aid reytinq sıralaması, Beynəlxalq qiymətləndirmə, olimpiada və digər müsabiqələr, IV və VI siniflərdə təşkil olunan monitorinq nəticələri haqqında danışıb.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Azərbaycanda təhsilə olan dövlət qayğısı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biri olmasını, təhsil sisteminin müasir tələblər istiqamətində qurulmasını, inşa olunan yeni məktəb binalarında yaradılan müasir təhsil infrastrukturu, yaradılan şəraitin gənclərimizin vətənpərvər gəncliyinin yetişdirilməsi istiqamətindəki məqsədlərini diqqətə çatdırıb.
Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin təsis edilməsi Azərbaycan təhsil sisteminə yeni bir canlanma gətirib. 30 ildən artıq bir zamanda Qarabağ həsrəti çəkən soydaşlarımız artıq öz doğma Qarabağ Universitetində təhsil alacaqlar. RİH-in başçısı Neftçala rayonunda Heydər Əliyev Fondunun dəstəyilə inşa olunan yeni məktəblərdə şagirdlərin dahada uğur qazanacağını və bu gənclərin dövlətimizin gələcəyinə töhfə verəcəyinə inandığını bildirib. RİH-in başçısı qarşıda gələn yeni tədris ili münasibətilə müəllimləri təbrik edib və onlara uğurlar arzulayıb.