Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi və Neftçala RMX PHŞ təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Neftçala RMX PHŞ direktoru, xəstəxananın həkimləri, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən həkim oftalmoloq Süsən Zeynalova, Neftçala rayon Səhiyyə işçilərinin Həmkarlar İttifaqı Şurasının sədri, həkim Nəcibə Abdullayeva, həkim- kardioloq, tibb elmləri namizədi Mehdi Abbasov, “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftəliyeva, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan danışıb, bu yolun qiymətli nümunəyə çevrilərək həyatında və fəaliyyətində elmin işığına, işığın elminə sədaqətli olan yeni-yeni ziyalı nəsillər üçün örnək olduğunu bildirib və onun haqqında xoş xatirələrini bölüşüblər.
Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov akademik Zərifə Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması haqda danışıb. O bildirib ki, dünya oftalmoloqları görkəmli azərbaycanlı alim, akademik Zərifə Əliyevanı öz sıralarında görüb, onu bu elmin ön cərgəsində qəbul ediblər.
Görüşdə Zərifə xanım Əliyevanın həyatını əks etdirən video çarx izlənilib.




Son xəbərlər
Son Xəbərlər