Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2023-cü il üçün ilk səyyar qəbulunu ucqar kəndlərdən olan Qaraqaşlı kəndinin sakinləri ilə həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri və kənd sakinləri iştirak edib.
Görüşdə çıxış edən Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabrın 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən danışıb və yaralanan hərbçilərimiz haqqında məlumat verib. Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düzgün siyasi qərarları nəticəsində Qafqazda, həmçinin dünya ölkələri arasında xüsusi yerini vurğulayıb və dünya liderlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevə olan sonsuz rəğbətlərinin artmasını, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbulda əsasən Qaraqaşlı kəndinin mavi yanacaqla təmin olunması, həkim tibb məntəqəsinə pediatrların təmin olunması, kollektor və drenajların lildən təmizlənməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.




Son xəbərlər
Son Xəbərlər