Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinlədi - Fotolar

neftcalanin-icra-bascisi-vetendaslarin-problemlerini-dinledi
Oxunma sayı: 2416

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Neftçala şəhərinin 5-ci və 6-cı məhəllə sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, kənd sakinləri iştirak edib.

Görüşdə çıxış edən Mirhəsən Seyidov  Aprel zəfərindən, 44 günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabrın 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından danışıb.

RİH-in başçısı 1990-cı ilin qanlı yanvar hadisələrindən bəhs edərək, 19-dan 20-nə keçən gecə SSRİ-nin siyasi rəhbərliyinin və güc strukturlarının Azərbaycanın müstəqilliyi, suverenliyi naminə şüarlar səsləndirən, öz konstitusiya hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış həmvətənlərimizin ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətliamı barədə məlumat verib.

Səyyar qəbulda vətəndaşlar özünüməşğulluq proqramının təmin olunması, ödəniş terminallarının quraşdırılması, əczaçılıq  və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.