Neftçalanın Pirəbbə kəndinə mavi yanacaq verilib - Foto

neftcalanin-pirebbe-kendine-mavi-yanacaq-verilib
Oxunma sayı: 1114

Son illərdə Azərbaycanda əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlərin görülməsi üçün Prezident İlham Əliyev tərəfindən hər zaman tapşırıqlar verilib və bu tapşırıqların nəticəsi olaraq 21 may tarixində Neftçala rayonunun Pirəbbə kəndində yeni qaz xəttinin açılışı olub.

“Qafqazinfo”nun məlumatına görə, açılış koronavirus pandemiyası nəzərə alınmaqla, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq- mühafizə orqanlarının, yerli nümayəndə və kənd sakinlərinin iştirakı ilə təşkil olunub.

Açılış zamanı ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, əziz xatirələrinə dualar oxunub.

Neftçala rayonunun Pirəbbə kəndində yeni qaz xəttinin açılışı ilə 361 nəfər kənd əhalisi təbii qazla təmin olunub, hər bir mənzil qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Ümumilikdə Neftçala rayonunun 1 şəhər, 3 qəsəbə, 29 kəndi qazlaşdırılıb və digər qazlaşmayan kəndlərin qazlaşdırılması üçün Rayon İcra Hakimiyyəti tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə müraciətlər olunub. Hazırda rayonun 63 % yaşayış məntəqəsinin qazlaşdırılması həyata keçirilib.  

Sonda kənd sakinləri ilə görüşülüb və vətəndaşların problemləri dinlənilib. Qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.