”Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, Qəbələyə komandasını dəstəkləmək üçün yollanan “Forza Neftçi” üzvlərindən İlkin adlı azarkeş ciddi xəsarət alıb.
Belə ki, o, oyun başlamamışdan öncə stadionun qarşısında bilet yoxlanılarkən növbə yarandığı üçün arenanın girişindəki dəmirlərə söykənib. Bu isə İlkinə baha başa gəlib. Dəmir azarkeşin belinə girib. Həmin "Neftçi" azarkeşi dərhal xəstəxanaya çatdırılıb.
Maraqlıdır ki, belinə tikiş vurulan azarkeş yenidən stadiona üz tutub. Onun yenidən stadiona, dostlarının yanına dönməsinə isə matçdan sonra fan-klubla birgə Bakıya qayıtmaq məcburiyyəti səbəb olub. O, qarşılaşma baxmasa da, kənarda oturaraq matçın başa çatmasını, “Forza Neftçi” üzvləri ilə birgə Bakıya qayıtmasını gözləyib.
Bu barədə açıqlama verən həmin azarkeş qrupunun rəhbəri Sübhan Əliyev İlkinin belində yaranan yırtığın dərin olduğunu bildirib: “Hadisə baş verəndə istər Qəbələ sakinləri, istərsə də stadionun işçiləri bizə kömək etdi. O, bu gün rentgenə gedəcək, həm də sarğısını dəyişəcəklər. Allaha şükür ki, indi uşağın vəziyyəti yaxşıdır. Klub tərəfindən heç bir köməklik olmadı. Polis maşını vasitəsi ilə uşağı Qəbələ Şəhər Xəstəxanasına çatdırdıq”.
Son xəbərlər
Son Xəbərlər