“Neftçi” reklam pulunu niye vermir?

neftci-reklam-pulunu-niye-vermir-
Oxunma sayı: 872


Xəbərə görə, sayt və qəzetlər klubun hər ay söz verdiyini deyir, klub rəsmiləri isə səbrli olmağı tövsiyə edir.

“Qafqazinfo” xəbər verir ki, “Komanda” qəzetinin baş redaktoru Rəşad Elgün virtualaz.org saytınabildirib ki, fevral ayından indiyədək onlara reklam pulu ödənilməyib: “Ümumiyyətlə, “Neftçi”nin mətbuata 3 aylıq reklam pulu borcu var. Uzun zamandır ki, “bu gün, sabah verəcəyik” deyirlər. Əslində məndə olan məlumata görə, problem klubun özündə yox, bu kluba sponsorluq edən Dövlət Neft Şirkətindədir. Bilirsiniz ki, “Neftçi” futbol klubunu ARDNŞ maliyyələşdirir. Amma klub rəsmilərindən çıxıb konkret bir açıqlama verən yoxdur. İdman mətbuatı elə vəziyyətdədir ki, birbaşa klublardan reklam asılılığı yaranıb. “Neftçi”nin reklam əməkdaşlığı etdiyi mətbu orqanlarına bu cür başdansovdu, məsuliyyətsiz münasibəti isə ciddi problemlər yaradır. İşin pis tərəfi bundadır ki, klubdan heç kim bütün bunlara aydınlıq gətirmir”.

Sportal.az saytının rəhbəri Şahin Oğuz da reklam pulunun ödənilmədiyini təsdiqlədi: “Bizim əvvəllər “Neftçi” klubu ilə bağlı problemimiz olmayıb. Onlar pulu vaxtlı-vaxtında ödəyiblər. Amma son 3-4 ayda ödəmə gecikir”.

“Futbol+” qəzetinin rəhbəri Mahir Rüstəmli də reklam üçün ödənişlərin fevral ayından gecikdiyini dedi: “Fevral, mart, aprel aylarının pulu ödənilməyib. Bizim qəzetin əsas maliyyəsi satışdandır. Buna görə də ciddi problem yarandığını düşünmürük. Amma müqavilə var və onun şərtləri yerinə yetirilməlidir”.

Korner.az saytının baş redaktoru Saleh Arslan söylədi ki, 4 aydır reklam ödənişləri gecikdirilir: “Bizə əməkdaşlığı dayandırmaqla bağlı heç bir məlumat verilməyib. Reklam pulları ilə bağlı müraciətimizə isə “hələ pulumuz yoxdur” cavabını alırıq”.

“Neftçi” futbol klubu mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə virtualaz.org saytına bildirdi ki, gecikmə dörd deyil, iki aydır: “Reklam ödənişlərinin gecikməsi Azərbaycan kubokunun keçirilməsi ilə bağlıdır. Final oyunundan sonra pullar ödəniləcək. Hələlik başımız oyunlara qarışıb”.

G.Abbaszadə klubun futbolçulara və öz əməkdaşlarına da borclu olduğuna dair məlumatlara da münasibətini bildirdi: “Bizim nə futbolçulara, nə də işçilərimizə borcumuz yoxdur. Gecikmənin gələn il keçiriləcək olimpiada ilə bağlı olduğunu iddia edənlər isə yanılırlar. Bu, ortaya atılmış təxəyyül məhsuludur. Pul yaxın vaxtlarda köçürüləcək”.