Erik Ramos və Anyetedən sonra daha bir oyunçusu “Neftçi”ni tərk edib.
“Qafqazinfo” xəbər verir ki, “ağ-qaralar” qapıçı Aqil Məmmədovla sağollaşıb. Mövsüm sonunda müqaviləsi başa çatan əlcək sahibi ilə fikir ayrılığı səbəbindən yeni saziş bağlanmayıb.
Futbolinfo.az-a açıqlama verən Məmmədov bunları bildirib: “Müqavilə şərtlərini danışdıq, məni qane etmədi. Ona görə də “Neftçi”dən ayrıldım. Yeni müqavilədə maliyyə əvvəlkinə nisbətən az idi. Rəqəm açıqlamaq istəmirəm, çünki klubun daxili sirridi. Amma maaşımda fərq böyük idi. Düşünmürəm ki, bu, məni komandadan göndərmək üçün atılmış bir addım idi. Sadəcə, maliyyə problemləri var”.
O, gələcək karyerası ilə bağlı da danışıb: “Hələ ki, gözləmə mövqeyi tutmuşam. Əsas istəyim ölkə xaricinə çıxmaqdı. Düzdü, real bir şey yoxdu. 1 saat olar “Neftçi”dən ayrılmışam, ona görə də yerli klublardan hələ ki, heç kim şifahi də olsa, bir şey bildirməyib. Belə düşünürəm ki, Türkiyədə çıxış etmək mənim üçün rahat olardı. Amma başqa ölkə olsa da, problem deyil”. Son illərdə azərbaycanlı futbolçuların Türkiyədə uğursuz kareyera qurmağı Aqili qorxutmur: “Mən ömürboyu heç nədən qorxmamışam. Fikrimcə, bir az dəyişiklik yaxşı olardı”. Qeyd edək ki, 27 yaşlı qapıçı “Neftçi”yə 2015-ci ilin yanvarında “Bakı”dan transfer edilmişdi.
Son xəbərlər
Son Xəbərlər