- Hazırlıqlarınız necə gedir?
- Hələ ki, daha çox fiziki və toplu çalışmalar edirik. Hər şey qaydasında gedir. İstəyirik ki, çempionatın ikinci hissəsinə daha yaxşı hazırlaşaq. Antalya toplanışı bütün klublar üçün vacibdir. Eləcə də bizim üçün.
- Çempionatın ikinci yarısında məqsədiniz nə olacaq?
- Biz mövsümün ilk hissəsində istənilən kimi oynamadıq. Çünki daha yaxşı yerdə oynamalı idik. Növbəti 2 dövrə isə həlledici olacaq. Buna görə də bizim daha yaxşı çıxış etməyə ehtiyacımız var. Bunu bacarmaq üçün məşqlərdə çox işləməliyik. “Qarabağ”a yaxınlaşmaq və çempionluq üçün mübarizə aparmaq lazımdır.
- Artıq komandanızın düşərgəsinə iki yeni futbolçu qoşulub. Aqil Məmmədov və Rauf Əliyev “Neftçi”yə uğur qazanmaqda kömək edə biləcəklər?
- Hər iki futbolçunu yaxşı tanıyırıq. Onlar artıq komandaya öyrəşiblər və məşqlərdə fəal şəkildə iştirak edirlər. İnanıram ki, həm Aqil, həm Rauf komandamız üçün əllərindən gələni edəcəklər.
- Antalya toplanışı zamanı 6 yoxlama görüşü keçiricəksiniz. 3 Asiya və 3 Avropa klubunun yer aldığı rəqiblərinizi elə də güclü saymaq olmaz. Daha güclü rəqiblərlə üz-üzə gəlməyiniz sizin üçün yaxşı olmazdı?
- Bu baş məşqçinin səlahiyyətində olan məsələdir və o, bu klubları seçib. İnanıram ki, 6 yoxlama oyununun hamısı bizim üçün yaxşı olacaq və komandaya qatqı verəcək. Mən heç bir komandanı zəif saymıram. Əsas odur ki, biz bu yoxlama görüşlərində də öz səhvlərimizi görəcəyik.
- Çempionatın ilk yarısı bitən kimi belə söz-söhbətlər var idi ki, “Neftçi” maliyyə problemlərinə görə bir neçə legioner futbolçusu ilə yollarını ayıracaq. Komandanın kapitanı kimi buna aydınlıq gətirərdiniz…
- Bu barədə məlumatım yoxdur. “Neftçi”də problem olan kimi prezidentimiz Sadıq Sadıqov hər şeyi yoluna qoyur hər zaman. Əslində belə halla üzləşməmişik. Artıq 5 ildir ki, bu komandanın şərəfini qoruyuram. Heç zaman maaş baxımından problemlə qarşılaşmamışam.
- Amma digər klublarımızda olan vəziyyəti nəzərə alsaq, istənilən komanda eyni halla üzləşə bilər…
-Yox, bizdə belə şey olmayıb. Yəni mətbuatda nəyə görə bunlar yazılıb bilmirəm. Amma mənim komandanın tərkibində olan oyunçu və kapitan kimi heç nədən xəbərim yoxdur. Hər şey qaydasında gedir.
- Komandanızın baş məşqçisi Arif Əsədov heyətə əcnəbi futbolçu cəlb olunmayacağını bildirib. Sizcə, bu düzgün qərardır?
- Əlbəttə ki, heyət haqqında bütün qərarları baş məşqçi verir. Əgər o deyibsə ki, ehtiyac yoxdur, deməli belədir. Fikrimcə, limit məsələsinə görə də bu düzgün addımdır. “Neftçi” çempionatın ikinci yarısında daha iddialı olacaq.
Son xəbərlər
Son Xəbərlər