Azərbaycan Premyer Liqasının ilk turunda keçiriləcək “Kəpəz” – “Neftçi” matçının yeri dəyişdirilməyəcək. Bu barədə “Qafqazinfo”ya Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev məlumat verib.
O bildirib ki, çempionat matçlarının vaxtı müəyyənləşdirilərkən avrokuboklarda mübarizə aparan klublar nəzərə alınıb:
“Ümumiyyətlə, bununla bağlı “Neftçi”dən hər hansı müraciət daxil olmayıb. Üstəlik ilk tur olduğuna görə hər kəs hazırlıq baxımından var qüvvəsi ilə açılış matçının planlarını qurub. Ümumilikdə isə Premyer Liqanın 2023-24-cü illər mövsümünün 1-ci turunun təqvimi açıqlanarkən avrokubok iştirakçılarının oyun günləri nəzərə alınıb. Belə ki, həm “Neftçi”, həm “Sabah”, həm də “Qəbələ” bazar günü oynayırlar. Onlara PFL tərəfindən maksimum gün şəraiti yaradılıb. Klublar da hazırlığını buna görə qurublar, ev sahibi komandalar bilet satışlarını ediblər. Ümumiyyətlə, avrokuboklara görə stadion dəyişməsi müzakirə mövzusu olmayıb”.
Qeyd edək ki, “Neftçi”nin kapitanı Emin Mahmudov ötən gün müsahibəsində “Kəpəz”lə Gəncədəki matçın Bakıda keçirilməsini istəmişdi.
Son xəbərlər
Son Xəbərlər