“Neftdən asılılıq azalır”- - Əliyevin Davos çıxışı+Yenilənib+Fotolar

neftden-asililiq-azalir-
Oxunma sayı: 4481


“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, Prezident İlham Əliyev Forumun “Transformasiya prosesində regionlar: Avrasiya” sessiyasında iştirak edib.

Dövlət başçısı çıxışında deyib ki, Azərbaycan 1991-ci ildə müstəqil olub: "Bu, regionda böyük dəyişiklik, eləcə də bizim qarşımızda böyük vəzifə idi, çünki müstəqil dövlət qurmaq imkanı yaranmışdı. Biz dövlət qurmalı, eləcə də bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan müasir iqtisadiyyat yaratmalı idik”.

İlham Əliyev Azərbaycanda baş verən transformasiyalar barədə də danışıb: “Bizim üçün transformasiya siyasi sistemin transformasiyası demək idi, çünki müstəqilliyin əldə edilməsinə qədər bu bizdə yox idi. Bu, həmçinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına transformasiya idi”.

Prezident bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır və iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir: "Biz neftin qiymətinin təsirindən getdikcə daha az asılı oluruq. Eyni zamanda, beynəlxalq maliyyə institutları, o cümlədən AYİB və digərlərinin yardımı ilə iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün çox iş görülüb".

İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq donor ölkəyə çevrilib və bir sıra layihələri yalnız özü maliyyələşdirir.

Dövlət başçısı vurğulayıb ki, hazırda Azərbaycanın enerji resursları regionda vacib rol oynayır: "Avropa İttifaqının ən iri infrastruktur layihələrindən biri olacaq Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan iri "Cənub Qaz Dəhlizi" layihəsi bu yaxınlarda işə salınıb".

Azərbaycan Prezidentinin sözlərinə əsasən, iqtisadiyyatın şaxələndirilməsi hər bir ölkə, xüsusilə də neft-qazla zəngin olan ölkələr üçün vacib elementlərdən biridir.

İlham Əliyev əlavə edib ki, regionda terror hücumları ilə bağlı hədələr daxil olmaqla münaqişələr və təhdidlər mövcuddur: "Ölkə hüdudlarından kənarda əvvəlcədən proqnozlaşdırılan vəziyyətə malik olduğunuz zaman ölkədə sabitlik tam şəkildə bərpa edilə bilər. Buna görə də enerji və nəqliyyat layihələrimiz hər bir ölkənin ondan mənfəət əldə edə bilməsi üçün geniş milli və regional əməkdaşlığa yönəlib".

Prezident bildirib ki, Azərbaycan hökumətinin siyasəti bütün tərəflərin - istehsalçılar, tranzit ölkələr, istehlakçılar - imkanlardan mənfəətlə istifadə etməsinə yönəlib: "Bununla da bu, bir növ Azərbaycanın yarada bildiyi kollektiv işdir".

Qeyd edək ki, yanvarın 21-də İsveçrənin Davos şəhərində 45-ci ənənəvi illik Dünya İqtisadi Forumu işə başlayıb.

Yanvarın 25-dək davam edəcək və “Yeni qlobal kontekst” devizi altında keçirilən forumun gündəliyinə dünya bazarlarındakı mövcud durum, aparıcı valyutaların məzənnələrindəki dəyişikliklər, neft bazarındakı qiymət, müxtəlif münaqişə ocaqlarının yenidən alovlanması və terror təhlükəsinin artması kimi mövzular daxildir.

Hər il olduğu kimi, bu il də forumun işində dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Tədbirə dünyanın 140-dan artıq ölkəsindən 2500-dən çox nümayəndə qatılıb.

***

“Azərbaycan 20 ildən artıqdır ki, erməni işğalından əziyyət çəkir və danışıqlar prosesi nəticəsiz qalır”. 

Bunu Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda bəyan edib.

Prezidentin sözlərinə görə, postsovet məkanındakı, eləcə də ümumilikdə bütün dünyadakı münaqişələrə vahid yanaşma olmalıdır, eyni beynəlxalq hüquqi normalar tətbiq edilməlidir.

Dövlət başçısı qeyd edib ki, hansısa münaqişə həll olunmadıqda və həlli yubanan münaqişəyə çevrildikdə, başqa münaqişə doğurur.

***

Azərbaycan prezidenti İlham Əliyev Davosda “Soros Fondu”nun təsisçisi Corc Sorosla görüşüb.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanda gedən inkişaf prosesləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Praktiki baxımdan Azərbaycanda Ukrayna münaqişəsinin təsiri hiss olunmur. Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukrayna münaqişəsinin postsovet ölkələrdəki vəziyyətə təsiri barədə sualı cavablandırarkən deyib.

Prezidentin sözlərinə görə, siyasi baxımdan da Rusiya və Ukrayna ilə yaxşı və dostluq münasibətləri olan istənilən ölkə üçün belə vəziyyət arzuolunmazdır: "Biz yaxınlarını itirmiş insanların acısını bölüşürük və bu faciə təəssüf ki, davam edir. Hər iki tərəfdən günahsız insanlar ölür. Bütün bunlar nə qədər tez bitsə, bir o qədər yaxşıdır".

İlham Əliyev qeyd edib ki, Azərbaycanın özü müharibə və işğaldan əziyyət çəkir: "Hər bir müharibə atəşkəs rejimi ilə başa çatır və buna görə də sülh sazişinin imzalanmasına üstünlük verilməlidir".

Prezidentin sözlərinə əsasən, Rusiya və Ukrayna hakimiyyətlərinin tərəfdaşlarına - MDB-nin üzv ölkələrinə və postsovet dövlətlərə necə münasibət bəsləməsi önəmlidir: "Hazırda bir milyondan çox azərbaycanlı Rusiyada, yarım milyondan çoxu isə Ukraynada yaşayır".

***

Yanvarın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda sessiyada iştirak edib.

Yüksək səviyyəli rəsmi şəxslərin qatıldığı sessiyada dövlətimizin başçısı İlham Əliyev çıxış edərək Azərbaycanın energetika sahəsində qazandığı nailiyyətlərdən, enerji sektorunda əldə olunan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə uğurla yönəldilməsindən, ölkəmizin qlobal enerji layihələrində fəal iştirakından, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın önəmli rolundan, “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışdı.