Neft hasil edən ölkələrin iştirakı ilə Dohada rəsmi görüş başlayıb.
"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, səhər saatları üçün planlaşdırılan görüş təxminən 6,5 saat gec başlayıb.
Qeyd edək ki, İran bu gün Dohada OPEK-ə üzv ölkələr və üzv olmayan neft hasil edən ölkələrin toplantısına nümayəndə göndərməmək barədə qərar qəbul edib.
Görüşdə Azərbaycanın energetika naziri Natiq Əliyev də iştirak edir.
***
Xarici media Doha konfransında neftlə bağlı razılıq əldə olunağı barədə məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, hasilat 2016-cı ilin oktyabrın 1-nə qədər yanvar ayı səviyyələrində qalmalı idi. İstehsalçılar isə oktyabr ayında Rusiyada yenidən toplaşmalı və vəziyyəti müzakirə etməli idilər.
***
AzərTac-ın məlumatına görə, neft istehsalçılarının Dohada hasilatın dondurulmasını müzakirə etdiyi bir vaxtda İranın Milli Neft Şirkətinin icraçı direktorunun bu cür bəyanatı təsadüfi xarakter daşımır. İran əvvəlcədən hasilatı dondurmayacağını bildirib və Doha görüşlərinə qatılmaqdan imtina edib. Yeri gəlmişkən, Avropanın ən iri neft istehsalçısı olan Norveç və Liviya Doha toplantısına qatılmayıb. Bununla yanaşı, Rusiya, İordaniya, Ekvador, Küveyt, Venesuela kimi neft istehsal edən ölkələr dünya bazarında neftin qiymətini yüksəltmək ümidi ilə Rusiyanın təklifini hələ Doha görüşündən əvvəl qəbul etdiklərini bildiriblər.
Dünyanın ən iri neft istehsalçısı olan Səudiyyə Ərəbistanı isə yalnız İranın hasilatı donduracağı təqdirdə Rusiyanın təklifinə razılıq verəcəyini bəyan edib. Yuxarıda qeyd etdiyimiz kimi, İran hasilatı dondurmaq fikrində deyil. Belə ziddiyyətli mövqelərin mövcudluğuna baxmayaraq, görüş davam edir. Tədbir çərçivəsində ikitərəfli görüşlər də keçiriləcək.
Doha görüşünün əsas məqsədi dünya bazarında neftin qiymətini optimallaşdırmaqdan ibarətdir. Mütəxəssislər qeyd edirlər ki, Dohada razılıq əldə edilsə, neftin qiyməti yüksələcək.
***
Dohada neft istehsal edən ölkələrin nümayəndələrinin müzakirəsi gərginləşib. Səudiyyə Ərəbistanı razılaşma sənədinə əlavə maddə artırmağı təkidlə tələb edir. Həmin maddədə göstərilir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvü olan bütün dövlətlərin neft hasilatını “dondurmaq” haqqındakı razılaşma sənədini imzalaması mütləqdir. Lakin İran OPEC üzvü olsa da, Doha görüşündən əvvəl bəyan edib ki, hasilatı dondurmayacaq. İranın neft naziri Bijən Namidar Zəncənə Doha görüşü ərəfəsində bildirib ki, İran hasilatı “dondurmaq” haqqındakı sənədi imzalamayacaq. Ona görə də İranın Doha görüşlərinə qatılmasına ehtiyac yoxdur.
Səudiyyə Ərəbistanını Doha görüşündə təmsil edən şahzadə Məhəmməd bin Salman jurnalistlərə müsahibəsində deyib: “... biz neftin qiymətinin yüksəlməsinə çalışmırıq. Bu problem iqtisadiyyatı neftdən asılı olan dövlətlərin problemidir. Bunun bizə aidiyyəti yoxdur. Bizim dövlət proqramında neftin qiymətinin yüksəldilməsi nəzərdə tutulmayıb”. Şahzadə onu da vurğulayıb ki, əgər OPEC-ə üzv olan bütün ölkələr, ilk növbədə, İran hasilatı “dondurmağa” razılıq versə, onda Səudiyyə Ərəbistanı da bu təşəbbüsə qoşular.
Səudiyyə Ərəbistanının belə mövqe nümayiş etdirməsi müzakirələrin uzanmasına səbəb olub.
Son xəbərlər
Son Xəbərlər