“Nəğd Pul” kirayə pulunu ödəmir

negd-pul-kiraye-pulunu-odemir
Oxunma sayı: 1646

““Nadir Nəğd Pul” ləqəbli repçi 3 il evimdə kirayə qalıb, ancaq 2000 manatımı hələ də ondan ala bilmirəm. İndi ailədə kimə zəng vururam cavab verən yoxdur”.

Bu sözləri repçinin 2015-ci ildə kirayə qaldığı evin sahibi Şəhla Məmmədova “Qafqazinfo”ya şikayətində deyib. O, bildirib ki, ailə 3 ilə yaxın onun Elmlər Akademiyası metrostansiyası tərəfdə yerləşən evində qalıb. Həmin müddət ərzində dəfələrlə onu evdən çıxarmaq istəsə də, repçinin anasına görə güzəştə gedib:

“Hər dəfə yalvarıb yaxarıblar, razı olmuşam. Bu müddət ərzində borc pul üst-üstə yığılıb 2100 manat oldu. Mən də tək gəlir yerim həmin kirayə haqqıdır. Razılaşmışdıq ki, mart ayının 31-də borcun bir hissəsini də olsa, verəcəklər. Ancaq gedəndə gördüm ki, veşlərini yığıblar, evdən gizli çıxmağa hazırlaşırlar. Mən dedim ki, 100 manatı keçirəm, qalan pulu hissə-hissə ödəyərsiz. Ancaq indi zənglərimi heç kim açmır. Anası ilə danışırdım, həmin qadın mənim nömrəmi blok edib. Bir də dostunun nömrəsi var, o da cavab vermir”. 

“Qafqazinfo”nun əməkdaşı məsələ ilə bağlı “Nadir Nəğd Pul” ilə əlaqə saxlayıb. Repçi bildirib ki, təkcə son bir neçə ayın kirayə haqqı qalıb, onu da tez bir zamanda ödəyəcəyi haqda razılıq əldə edib:

“Biz mart ayının 31-nə sözləşmişdik. Ancaq ayın 24-dən xanım hər gün zəng edib pulunu istəyirdi. Axır 31-i gəldi, mən də əlimdə imkan olmadığını, tez bir zamanda ödəyəcəyimi söylədim. “Nə pulunuz lazımdır, nə başqa bir şey. İki günə mənim mənzilimi boşaldın” - deyib getdi.  Biz də mənzili boşaltdıq, söhbət bağlandı. Heç kimdən qaçmıram, bir şey etmirəm. Zənglərinə cavab verməməyimizin səbəbi də o xanımla danışmaq istəməməyimizdir. Öz tərbiyəmi göstərib ona demişəm ki, imkan düzələndə gələcəm, pulumu ödəyəcəm”. 

Qeyd edək ki, sözügedən repçi ötən il “O ses Türkiye” müsabiqəsində də qatılıb, sevilən iştirakçılardan olub. Onun Natavan, Xatun, Sevda Yahyayeva və digər sənətçilərlə duetləri də var. Ötən ilin yay ayında o, hətta mini konsert vermişdi. 

Günel Hacı