Nemət Pənahlı barədə Baş Prokurorluğa müraciət edildi

nemet-penahli-barede-bas-prokurorluga-muraciet-edildi
Oxunma sayı: 642

HAMİ-dən verilən məlumatda bildirilir: “Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində baş verənlərlə bağlı verilən məlumatlar tərəfimizdən narahatçılıqla qarşılanır. Belə ki, 17 dekabrda həmin müəssisəsədə saxlanılan məhbus Pərviz Mikayılovun intihar etməsi badədə xəbərlər yayılmışdı. Daha sonra mərhumun yaxınları Mikayılovun bədənində çoxsaylı zorakılıq əlamətlərinin olması barədə məlumat verdilər. Mikayılovun KİV-də yayılmış fotoşəkillərində həmin zorakılıq izləri aşkar görünürdü.

Bundan başqa bu günlərdə həmin müəssisədə saxlanılan daha bir məhbusun – Nemət Pənahlının müraciəti yayılmışdır. Müraciətdə qeyd olunur ki, 17 saylı cəzaçəkmə müəssisəsinə qara maskalı şəxslər basqın etmiş və orda saxlanılan məhbuslara zorakılıq göstərmişlər. Nemət Pənahlının müraciətində göstərilir ki, qara maskalı şəxslər məhbusları qandallıyaraq vəhşicəsinə döymüş, onları müxtəlif heyvanların səslərini çıxarmağa məcbur etmişlər.

Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu qeyd olunan ölüm faktından və Nemət Pənahlının müraciətdə göstərilənlərdən – məhbusların təhlükəsizliyindən narahatlıq keçirdiyini bildirir. Bu narahatçılığa rəvac verən hallardan biri də budur ki, son bir il ərzində belə həyəcanlı məlumatlar daha tez-tez yayılır və cəzaçəkmə müəssisələrində ölüm halları xeyli artıb”.

Məlumatda daha sonra qeyd olunur ki, HAMİ bu faktların araşdırılması üçün Baş Prokurorluğa müraciət etmişdir. Baş Prokurorluğa edilən yazılı müraciətdə, 17 saylı cəzaçəkmə müəssisəsində baş verənlərin araşdırılması, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyevin və 17 saylı cəzaçəkmə müəssisəsinin rəis əvəzi Arif Mirzəyevin cinayət məsuliyyətinə cəlb olunması tələb olunmuşdur.