Nemət Pənahlı ilə bağlı daha bir SOS

nemet-penahli-ile-bagli-daha-bir-sos
Oxunma sayı: 662

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Nemət Pənahlının müdafiə komitəsi yayıb. Komitənin məlumatına görər, Nemət Pənahlı təcridxanada ona qarşı olunan psixi və fiziki təzyiqlər nəticəsində şəkər xəstəliyinə tutulub, böyrəklərində ciddi narahatçılıqlar var. Bu barədə dəfələrlə təcridxana rəhbərliyinə müraciət etsə də, təcridxana rəhbərliyi onun xəstəxanaya köçürülməsi tələbini qəti surətdə rədd edir.

Məlumatda bildirilir ki, təcridxana rəisi Elxan Sadıqov Nemət Pənahlının şəkərini ölçdüyü şəxsi aparatının bayıra çıxarılmasına izn vermir. Belə ki, Nemət Pənahlı vəkilindən aparatın ailəsinə çatdırılmasını xahiş etdikdə, təcridxana rəisi buna mane olmuş, aparatın təcridxanadan çıxarılmamasına dair göstəriş verib.

Müdafiə komitəsi hesab edir ki, bu, “Nemət Pənahlı daxili intizamı pozur” adı altında ona qarşı cəza üsullarının tətbiq edilməsi cəhdidir. Bununla əlaqədar olaraq Nemət Pənahlının müdafiə komitəsi Penitensiar xidmətin rəisi Mədəd Quliyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Nemət Pənahlı Azərbaycanın istiqlal savaşında xüsusi rol oynamış bir şəxsdir. Bu ölkədə Milli Müstəqilliyimizin 20 illik yubileyinə hazırlıq gedərkən Nemət Pənahlının həbsxana köşələrində ən adi hüquqlarının tapdanması, ona qarşı təcridxana rəhbərliyi tərəfindən yönləndirilmiş olan psixoloji təzyiq və təxribata təşviq cəhdləri bu ölkəyə baş ucalığı gətirməyəcək. Bu rəzalətə son qoyulmasını təmin etməyi sizdən xahiş və tələb edirik. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirik ki, 2 ay öncə Nemət Pənahlının təcridxananın rəisi, onun müavini və karserin rəisi tərəfindən ciddi şəkildə döyülərək nalayiq söyüşlərlə təhqir edilməsi barədə bütün aidiyyatı orqanlara şikayət ərizəsi verilsə də bu cinayətə hələ də heç bir reaksiya verilməyib”.

Fatimə Kərimli