Nənə üçün Fatihə

nene-ucun-fatihe
Oxunma sayı: 1507


Elbrus Ərud çoxillik dostlarımdan biridir. Biz, adətən, siyasi mövzularda müzakirələr apardığımız üçün onun yaradıcı potensialının sərhədlərini müəyyən etməyə həmişə çətinlik çəkmişəm. Biz tanış olanda Elbrus siyasət müxbiri idi. Siyasətdən yazmaq isə istedadla yanaşı, həm də çeviklik və hiyləgərlik tələb edir. Hiyləgər olmadan çoxbilmiş siyasətçilərdən nəsə qoparmaq mümkün deyil...

Yenicə çapdan çıxmış “Anne annem” kitabı Elbrus Ərudun istedadının görünməyən tərəfinə işıq saldı. Kitabda toplanan köşə yazıları və hekayələr nabələd oxucuya müəllifi yaxında tanımaq imkanı verir. “Qanun” Nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunmuş bu kitabı vərəqlədikcə çoxillik dostumu yenidən kəşf etmək imkanı qazandım. Elbrusun hekayələrini oxuduqca bir daha əmin oldum ki, o, soyuqqanlı jurnalistdən çox, sözü qəlbinin süzgəcindən keçirməyi bacaran istedadlı yazıçıdır. Və buna çox sevindim.

Elbrus Ərud bir qənaətində yüz faiz haqlıdır: yaradıcı adamın mütləq nənəsi olmalıdır. Elbrusun yeni kitabı da məhz nənəsilə bağlı xatirələri çözələməklə başlayır. Bizim əksəriyyətimizdən fərqli olaraq, Elbrus Ərud öz yazılarında daha səmimidir. O, “elin tənəsindən” qorxaraq hadisələrə bəzək-düzək verib, onları al-əlvan rənglərlə süsləmir. Müəllif elə ilk abzasdaca səmimi etirafları ilə oxucuda özünə qarşı rəğbət yarada bilir. Sitat: “Nənəmin dili ilə desək, babam bizi atıb gedəndən sonra onsuz da kənddən üzü şəhərə doğru daranmış qohumlarımızı bir məsələ girinc eləmişdi – nənəmin başını bir yolla qatıb şəhərə aparmaq. Babam sağ olanda elin tüpürcəyindən qorxub arabir yolumuzu kəndə salar, qocalara baş çəkərdik. Kişi rəhmətə gedəndən sonra bir yerə yığışmağa fürsət tapan qohum-əqrəba fikirləşirdi ki, elə gəlmişkən arvadı da bu xarabadan götürüb aparmalıyıq. Nənəni bu yaşda kənddə tək qoymaq olmazdı, yoxsa camaat bizə tüpürərdi. Əslində, kənddə bizi qınamağa tək iki şey – qocalar və qəbiristanlıq qalmışdı. Qalanları bizim kimi, bir yolla aradan çıxıb getmişdi...”

Elbrus Ərudun “Anne annem” kitabında yer alan köşə yazılarının əksəriyyəti oxuculara tanış olduğu üçün bu barədə ayrıca danışmağa lüzum görmürəm. Amma bir məqamı xüsusi qaydada vurğulamadan növbəti abzasa keçməyəcəyəm: Elbrusun köşə yazılarında vətəndaş mövqeyi jurnalist peşəkarlığını üstələyir. Köşə yazılarının bir neçəsinin adına diqqət yetirməklə də buna əmin olmaq mümkündür: “Üzütüpürcəklilər”, “Vur də komadir, vur”, “Rafiq Tağını biz öldürmüşük”, “Əsgər quduz olub” və s. Elbrus Ərudu bir yazıçı, bir jurnalist kimi oxuculara sevdirən də məhz bu cür üstün keyfiyyətə malik olmasıdır. O, heç vaxt sözü zorlamır. Elbrusun mətnlərindəki axıcılıq onun auditoriyasını ilbəlil genişləndirir. Elbrus doğma kənddəki saflığı, təmizliyi ədəbiyyata gətirməyi bacarıb.

Əminliklə demək olar ki, “Anne annem” kitabı Elbrus Ərudu yazıçı kimi cəmiyyətə təqdim edə bildi. Buna şübhə edənlərə onun qələmindən çıxmış “Əzab”, “Qaçqın iti”, “Qaz yumurtası”, “Qulaq falı” və başqa hekayələri oxumağı məsləhət görürəm. Şəxsən mən bu hekayələri birnəfəsə oxudum. Müəllifin ədəbi tpıntıları ilə qarşılaşdıqca qəlbim qürur hissi ilə doldu, fərəhləndim. Məni ən çox sevindirən Elbrus Ərudun “Anne annem” kitabı ilə böyük ədəbiyyata vəsiqə alması oldu. İndi onun qarşısında uzun, incə bir yol var. Ədəbiyyat yolçuluğu...

P.S.”Anne annem” kitabını oxuyub qurtaranda gecə yarıdan keçmişdi. Qonşu binaların işıqları çoxdan sönsə də, yatmaq barədə düşünmürdüm. Yuxusuzluqdan qızarmış gözlərimi ovuşdurandan sonra Elbrus Ərudun bir il əvvəl dünyadan köçmüş nənəsinin ruhuna bir “Fatihə” oxudum. Ədəbiyyatımıza yeni imza qazandırdığına görə...

Ruhu şad olsun! 

Aznews.az