“Nənəm kimi ölkəmi tərk edəcəyim ağlıma gəlməzdi” - Camala

nenem-kimi-olkemi-terk-edeceyim-aglima-gelmezdi
Oxunma sayı: 5163

Xəbər verdiyimiz kimi, Ukraynanın Xalq artisti, “Avroviziya-2016” beynəlxalq mahnı müsabiqəsinin qalibi Camala Kiyevi tərk edib.

“Qafqazinfo” xəbər verir ki, hazırda İstanbulda olan müğənni mətbuat konfransı keçirib.

Camala qarşılıqsız dəstəyə görə Türkiyəyə, türk xalqına və Prezident Rəcəb Tayyib Ərdoğana Ukrayna xalqı adından təşəkkür edib:

“Türkiyə illərdir olduğu kimi, heç bir şey gözləmədən, humanitar məsuliyyəti və vicdanı sayəsində qapılarını sonuna qədər açdı”.

Gənc sənətçi iki övladı ilə Türkiyəyə gələnə qədər qarşılaşdığı çətinliklərdən söz açıb:

“Türkiyəyə qaçqın kimi gələcəyimi heç düşünməzdim”.

Camala fevralın 24-ü səhər saatlarında Kiyevdə bomba səslərinə oyandıqlarını bildirib:

"Əvvəlcə nə edəcəyimi bilmədim. Çox qərarsız və bərbad idik, şoka düşdük. Uşaqlarımı götürüb sığınacağa düşdük. Bir müddət sonra bayıra çıxdıq. Sonra yenidən iki dəfə həyəcan siqnalı xəbərdarlığı gəldi. Biz yenidən sığınacaqlara enməli olduq. Axşama doğru bütün Ukraynanın mühasirəyə alındığını və Kiyevi tərk etməli olduğumuzu anladıq”.

"Bizi türklər xilas etdi. Bacımın çox səmimi dostları İstanbuldan Rumıniya sərhədinə gəldilər, bizi oradan götürdülər, gətirdilər. Uşaqlarımla İstanbula getdik”, - Camala əlavə edib.

Müğənni Krım tatarı olan nənəsinin və Krım tatarlarının 1944-cü ildə ölkələrini tərk etmək məcburiyyətində qaldıqlarını vurğulayıb. Eyni şəkildə ölkəsini tərk etmək məcburiyyətində qalacağını heç vaxt düşünmədiyini deyib.

Həyat yoldaşının Ukraynada qaldığını deyən Camala səsini dünyaya eşitdirmək üçün İstanbula gəldiyini söyləyib.

Qeyd edək ki, Camalanın ölkəsinə qalibiyyət gətirən "1944" mahnısı da nənəsinə həsr olunub.