Hər şey ondan başladı ki, xalamgil bizə qonaq gəldi və gecəni də qalası oldular. Onlar gələn vaxt Facebook-da şübhəli kabus dolaşırdı. Elə bil, bir çox profil yiyəsi dönüb olmuşdu Çexovun “Qara rahib”inin Andrey Kovrini və onları hansısa “qara rahib” idarə edirdi. Adamlar sevinir, lakin rəsmi təsdiq olmadığı üçün bu sevinci açıb-ağartmağa ürək eləmir, digərləri də onların sevinməyinə sevinir, başqa biriləri isə onları qınayır, hətta ələ salırdı. Sevinmək bizim xalqa necə də gözəl yaraşırdı-bunu həmin gün bir daha bildim.
Hə, sosial şəbəkə sakinləri qeyri-müəyyənlik içindəykən xalamgil bizə təşrif buyurdu. Sən demə, onlar da məsələdən haliymiş. Çatan kimi xalamın qayınanası nənəmi muştuluqladı: “Ay Xatun bacı, xəbərün var ki ya, bizimkilər Ağdamın iki kəndini geri qeytərib?” Ay daaa! Nənəmi saxlamaq olardı? Arvad sevindiyindən eynəyini çıxarıb biri mirvari suyundan əziyyət çəkən gözlərinin yaşını sildi: “Nə? Nə dedin? Bıy səni şad xəbər olasan ay Bəyimxanım! Bıy səni şad xəbər olasan! Hardan eşitdin? Dəqiqdi? Bəlkə yalandı?” Sonra həyəcandan titrəyən əlini balaca nəvələrinə uzatdı: “Ay uşaq, o bultu bəri verin görəy, tilvizerdə nə deyillər?!”
Nə isə. Hər şey yaddan çıxdı. Mövzu Ağdamın iki kəndinin geri qaytarılması oldu. Sevindikcə sevindilər... Düzü, yayılmış informasiyanın nə dərəcədə doğru olub-olmadığını bilməsəm də sevinmək istəyirdim. İçimizdə vətən naminə sevinmək üçün elə böyük boşluq var ki!
Səhər açıldı... Nənəm obaşdan oyanıb noutbukun yanına gəldi:
-Ay bala, aç o mərəti görüm, tilvizer heş nə demədi. Görəy orda nə yazıllar?
-Ay nənə, televizor demədisə, deməli bir az səbr etmək lazımdı.
-Yox, orda düzünü deyillər, oxu görüm hələ.
Günün xəbərlərini oxudum nənəmə:
-20 yaşlı əsgər Fərhad Azad oğlu Rəhimov düşmən gülləsinə tuş gəlib. Nəticədə o, yüngül xəsarət alıb.
-Azərbaycan Ordusunun əsgəri Sahil Yaşar oğlu Tərlanlı aldığı güllə yarasından dünyasını dəyişib.
-“Premium Avro-95” benzininin qiyməti 4 qəpik artaraq 97 qəpik olub.
Sonrakı əsas xəbəri-iki kəndin qaytarılması xəbərinin yalan olduğunu oxumadım.
Başladım dezinformasiyanın nə olduğunu izah etməyə. Nənəm axşamkı sevincinin təsirindən çıxa bilmirdi. Əlindəki dəsmalla eynəyini silə-silə dedi: “Bu ay pensiyamı alan kimi dünən alınan iki gəndə gedəcəm, əhd eləmişəm.”
80 yaşlı nənəm deyəsən heç mənim dediyimə qulaq asmırdı…
Son xəbərlər
Son Xəbərlər