Nərgiz ömrü

nergiz-omru
Oxunma sayı: 3168


Baharın gözəl vaxtındayıq. Güllər, çiçəklər bir-birini əvəzləyir. Başımız qayğılara, sosial problemlərə elə qarışıb ki, ətrafımızda açan, solan, yenə açan əlvan çiçəkləri unuduruq. Yazmırıq o güllərdən, yaddan çıxarırıq o çiçəkləri. Düşünürük ki, təbiət haqda ən gözəl sözlər deyilib, bitib. Klassiklərdən üzü bəri qəzəlləri, təcnisləri, qoşmaları, gəraylıları bəzəyib gül-çiçəklər... Halbuki biz də nəsə deyə bilərdik. Zamanında yaza bilmədiklərimizi ilahi bir qüvvə sonradan yazdırır bizə...

Qışın-soyuğun, şaxtanın ömrünün başa çatmasını xəbər verər nərgizlər. Və baharı hiss etdirər bizə. Qışın qaramatını unudarıq ağappaq ləçəkləri, günəşə bənzəyən xalı ilə. Günəşi gətirər bizə nərgizlər. Bəyazlığı, saflığı bəxş edər bir də...

İndi yasəmən dövrüdü. Bir azdan lalə dövrü başlayacaq. Sonra başqa güllər... Nərgiz, ömrünü başa vurub. Gələn bahar gələcək bir də. Gələcəkmi?

Bir şəkil paylaşmışdılar: uşaq əlində şar tutur. Bir adamı isə divara söykəyib güllələyirlər. Güllələnən adam öz ideyasını qışqırır. Uşaq əlindəki şarı atır, əvəzində o ideyanı götürür və gedir... İdeya yaşayır...

Güllər solsa da, insan ömrü yarımçıq başa çatsa da ideyalar ölmür...

Bizim Nərgiz də soldu. Erkən, ömrünün ən gözəl çağında itirdik onu... İdeyalar uğrunda mübarizə aparmağı öyrətdi gəncliyə. Gözəl, zərif Nərgizimizin həm də hayqırmağı vardı. Biz, onu həm də bu cür yadda saxlayacağıq. Öz amalı uğrunda mübarizədən çəkinməyən, qorxmayan zərif, gözəl Nərgiz kimi...

“Unutmayacağıq” sözünü düşünmək belə, istəmirəm. Biz onu yadda saxlayacağıq. Neçə qışlar gedəcək, neçə baharlar gələcək. Nə qədər çiçəklər açıb, solacaq. Bizim Nərgizsə... heç vaxt solmayacaq.

Tofiq Yaqublu belə bir övlad böyütdüyü üçün təsəlli tapsın.

Ölüm hamımız üçün gözlənilən sonluqdu.

Kimi unudulur, kimi də ölümdən sonra da yaşayır...