“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib və paytaxtımızda belə bir sərginin açılmasını gənc azərbaycanlı fotoqrafların yaradıcılıq imkanlarının artmasına təkan verəcəyini söyləyib.
Sərginin əlaqələndiricisi Səbinə Şıxlinskaya bildirib ki, “Müasir alman fotoqrafiyasının aspektləri” adlı tədbirlər çərçivəsində keçirilən sərgidə 90-cı illərin alman fotoqrafiyasının inciləri nümayiş etdirilir.
Sərgidə Susanna Brügger, Tomas Demand və Haydi Şpekerin üç müxtəlif mövqeyi bir ictimai məkan daxilində birləşib. Bunu həm Haydi Şpekerin “çəkilmiş” mücərrəd memarlıq şəkillərində, həm Susanna Brüggerin şəhərə baxışından olan parçalarda, həm də Tomas Demandın qurularaq inşa edilmiş məkanla bağlı şəkillərində çox aydın görmək olar. Sərginin adında məkanın reallıq və təsvir kimi ziddiyyəti anlayışlarla əlaqəli vurğulanması təsvir vasitəsilə bağlı spesifik bir polemikanı göstərir.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova alman fotoqraflarının əsərlərini yüksək qiymətləndirib.
Özünün yaradıcılıq axtarışlarından söz açan Aida Mahmudova vurğulayıb ki, hazırda intensiv işləyir və müvafiq əsərlərini cari ilin ortalarında başa çatdırmaq niyyətindədir. Bu ilin sonunda xaricidə fərdi sərgisinin keçirilməsini də planlaşdırır.
Sərgi çərçivəsində yanvarın 25-də almaniyalı fotoqraf Haydi Şpeker “YARAT” Müasir İncəsənət Məkanının “YAY!” Qalereyasında gənc fotoqraflar üçün seminar keçirəcək.
Son xəbərlər
Son Xəbərlər