İki məktəbli yeniyetmə intihar etdi. Bu xəbəri oxuduqdan sonra özümə gələ bilmirəm. Neçə gündür bu haqda yazmaq istəsəm də hisslərimi cilovlayıb sakit şəkildə klavyatura arxasında otura bilmirdim.
Valideynləri qızlarının başqasını sevdiyindən xəbərləri olmadığını dedilər. Mən belə bir bəhanəni qəbul etmirəm. Qadağan etdiyiniz, icazə vermədiyiniz şeyləri əlbətdəki övladınız sizdən xəbərsiz edəcək. Qaldıki bu Nərgiz Tağıyevanın valideynlərinə, onların səmimiliyinə inanmıram. Qızlarının ölümündə günahları olmadığını gösdərməyə, günahlarını cəmiyyət qarşısında ört basdır etməyə çalışırlar. Qeyri səmimidirlər. Cəmiyyətimiz bütöv olaraq qeyri səmimidir. Bunu heç kim dana bilməz.
İlk məhəbbətlərini yaşayan bu iki gəncin özlərinə qəsd etmələri məni nə qədər kədərləndirsə də, hər halda ailəsi daha ağır vəziyyətdədir. Amma onların çəkdiyi əzab qəti şəkildə məni üzmür, kədərləndirmir. Hallarına acımıram. 10-uncu sinifdə oxuyan, hələ şəxsiyyəti formalaşmaqda olan bir qızı nişanlandırdıqları üçün bu valideynlər bu əzaba layiqdirlər.
Övladının özünü öldürəcək səviyəyə gəldiyindən xəbəri olmayan valideyn, gec də olsa indi oturub düşünsün. Vicdan əzabı çəksin...
Valideynlər övladlarını tanımırlar. Tanımaq üçün cəhd də etmirlər. Öz istəkləri, planları naminə övladlarını qurban verirlər. Övladlarının gələcəyini özlərinin qalan qısa ömürlərinə qurban verirlər. Filankəslərin övladlarını nümunə göstərib həyatı gənclərə zəhər edirlər. İçində biraz da olsa fərqli olmaq, dəyişmək istəyi olan gəncləri özlərinin də yaxşı tanımadığı filankəslərə qurban edirlər.
Rəssamlıq qabiliyyəti olan bir qız tanıyıram. Rəsm çəkdiyinə görə anası bu qızı dəfələrlə döyüb. Qohum əqrəba başımıza güləcək məntiqi ilə istedadlı qızının önünü kəsir, öz fikirlərini uşaqlarına diktə etməyə çalışırlar. Azərbaycanda demək olar ki bütün ailələrdə buna oxşar problemlər var. Uşaqlarının əlindən tutub, istedadı üzrə irəli aparmaq əvəzinə onları məhv edirlər. 20-25 yaşında gənclər ailələri ucbatından yarımçıq yetişir, yaşadıqları tələbəlik həyatından bir şey anlamadan universiteti bitirirlər. Sonra evləndirib, olan qalan xəyallarının da üstündən xətt çəkirlər. Sonra da bunlara səbəb olan valideynlər ağıllı-ağıllı danışırlar ki, boşanma sayı yaman artıb, bizim vaxtımızda belə deyildi. Yox nə bilim hər şeyi telefon, internet korladı. Xeyir, müasir texnologiya hər şeyi ortaya çıxartdı, şəffaflaşdırdı. Onların miflərini, inandıqları dəyərlərin saxtalığını və necə dəyərsiz dəyərlər üzərində cəmiyyəti idarə etdiklərini ortaya çıxartdı.
Bu intiharların bitəcəyinə inanmıram. Hələ uzun illər bu xəbərlər bizi narahat etməyə davam edəcək. Maarifləndirmə çətin prosesdir. Müəyyən yaşın üstündəki insanlara heç nəyi başa salmaq mümkün deyil ya da çox çətindir. Əlbətdə ki gənclər maarifləndirilməlidir. İndiki gənclərin hansı səviyyədə olduğu haqda isə danışmağa ehtiyac duymuram.
Son xəbərlər
Son Xəbərlər